KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Bayramov Mirzoyanla yenidən görüşə bilər

Kənan Novruzov: Bayramov Mirzoyanla yenidən görüşə bilər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
257 0

Ermənistana təzyiq üçün platforma!
ABŞ bu ayın sonunadək Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanı yenidən bir araya gətirmək niyyətindədir. Bu barədə ABŞ Dövlət departamentindən bildirilib.
Hər iki baş diplomat bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Nyu- Yorkda bir araya gəlmişdilər. Görüş zamanı Blinken bildirmişdi ki, gərginliyin azaldılması və tərəflərin diplomatiya masası arxasına qayıtmaları vacibdir.
Ümumiyyətlə, Ağ ev son vaxtlar Cənubi Qafqaz məsələsində xüsusi fəallıq göstərir. Əlbəttə, bu, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması ilə bağlıdır. Vaşinqton bu fürsətdən istifadə etmək niyyətindədir.
ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker bir müddət əvvəl Bakı və İrəvana səfər etdi. Bundan sonra Ermənistan sərhəddə genişmiqyaslı təxribata başladı və döyüşlər bir neçə gün çəkdi. Döyüşlər bitəndən sonra ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi Ermənistana getdi. O, İrəvanda rəsmi görüşlər keçirdi. Xanım siyasətçi Ermənistanda olarkən Azərbaycanla bağlı birmənalı olmayan bəyanat verdi. O, bizi Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etdi, ABŞ – ın Azərbaycana qarşı sanksiyalar hazırladığını bildirdi.
Şübhəsiz ki, bu hadisələr bir – birindən əlaqəsiz deyil. Baş verənlər Vaşinqtonun regionla bağlı siyasətinin tərkib hissəsidir.
ABŞ regionda “suların durulmasını” istəmir. Və Vaşinqtonu düşündürən heç də Azərbaycanın suverenliyi deyil. Əgər belə olsa idi, ABŞ Minsk Qrupunun həmsədri kimi ötən 30 il müddətində ciddi addımlar atardı. İkincisi, vaxtı ilə qəbul olunmuş 907- ci düzəliş ləğv olunmadıqca Ağ evin səmimiliyindən danışmaq olmaz. Və son proseslər, o cümlədən Pelosinin naqolay bəyanatı da göstərir ki, ABŞ- ın qayğısı sadəcə regional maraqlarından, Rusiyanın Cənubi Qafqazdakı təsir dairəsinin azalmasından ibarətdir.
Sentyabrın sonunadək Bayramovla Mirzoyanın növbəti dəfə görüşməsi mümkündür. Doğrudur, gözləntilər fərqlidir. Bakı sərhədlərin dəlimitasiya və demarkasiyasını, ərazi bütövlüyümüzün tanınmasını, Vaşinqton regional maraqlarının təmin olunmasını, İrəvan isə proseslərin uzanmasını istəyir. ABŞ – ın Azərbaycan və Ermənistana münasibəti fərqlidir. Vaşinqton İrəvana qarşı təzyiq mexanizmlərindən mümkün qədər istifadə edir, Bakı ilə isə əməkdaşlığa davam etməyə çalışır. Çünki Azərbaycan Qərb dünyası, o cümlədən ABŞ üçün vacib tərəfdaşdır. Doğrudur, ABŞ – da erməni lobbisinin ciddi təsiri var. Buna baxmayaraq, Ağ ev üçün Azərbaycanın maraqları daha vacibdir, nəinki Ermənistanın.
Düşünürəm ki, eyni ilə Rusiya kimi ABŞ – ın vasitəçiliyi ilə keçiriləcək görüşlərdən də ciddi nəticə gözləmək lazım deyil. Buna baxmayaq, indiki məqamda təkliflərə etiraz etmək doğru olmaz. Əksinə, görüşlərə getməklə xoş niyyətimizi göstərməliyik. Bundan başqa, vasitəçilərin iştirakı ilə görüşlərin intensivləşməsi nəticəsində Ermənistana təzyiqlər artır. Biz bu cür görüşlərdə tələblərimizi, Ermənistanın torpaqlarımıza qarşı ərazi iddialarını gündəmə gətirməklə hansısa uğura nail ola bilərik. Yəni belə üçtərəfli görüşlər daha çox rəsmi Bakının haqlı mübarizəsi istiqamətində İrəvanə təzyiqi üçün platforma kimi qiymətləndirilməlidir.
Ermənistan tədricən sıxışdırılır. Azərbaycan, Türkiyə, Rusiya və Qərbin tələbləri İrəvanı çıxılmaz duruma salır. Ermənistanın bu “dalandan” çıxmasının yeganə yolu Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə diplomatik münasibətlərin bərpasıdır. Yalnız bu halda üçüncü qüvvələr Ermənistana təsir edə bilməyəcək.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir