KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Rövşənoğlu: İranda prezident seçkiləri bu ölkənin gələcəyi ilə bağlı nə vəd edir?

Kənan Rövşənoğlu: İranda prezident seçkiləri bu ölkənin gələcəyi ilə bağlı nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 19 dk okuma süresi
323 0

İranda 13-cü prezident seçkiləri sürprizsiz başa çatdı. Əksər müşahidəçilərin daha əvvəldən ehtimal etdiyi kimi, məhkəmə sisteminin 60 yaşlı rəhbəri Seyid İbrahim Rəisi (İbrahim Rəis əs-Sadati) qalib gələrək İran İslam Respublikasının 8-ci prezidenti seçildi. İranın mövcud seçki proseduruna əsasən 45 gün ərzində, yəni avqustun əvvəlində Rəisi İranın 8-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayacaq.

İranda prezident ölkənin birinci şəxsi olmasa da (dövlətin ali rəhbəri Vəliyyi-Fəqih, yəni ali dini liderdir), hökumət başçısı kimi faktiki olaraq ikinci şəxs hesab olunur. Bu mənada İrandakı seçkilər Azərbaycanla münasibətlərin gələcəyi, ABŞ və İsraillə olan qarşıdurmanın taleyi ilə yanaşı, İran Azərbaycanı əhalisinin vəziyyəti, dini və milli hüquqlarla bağlı mövzulara görə də əhəmiyyətə malikdir. Həmçinin, Azərbaycanda heç də az olmayan dindar qrup üçün İran həddən artıq həssas mövzudur.

Məsələnin bu baxımdan əhəmiyyətini nəzərə alaraq bu yazıda mən 13-cü prezident seçkilərinin nəticələri və onun İranın gələcək siyasi həyatına mümkün təsirlərindən bəhs edəcəyəm. Yazıda yeni seçilmiş prezident Rəisinin həyat yolundan qısaca bəhs edəcək, həmçinin mühafizəkar siyasi xadim olaraq Rəisinin Qərblə, eləcə də Azərbaycanla gələcək münasibətlərinə ümumi olaraq toxunacağam.

Sürprizsiz, amma həyəcanlı seçki

Əksər müşahidəçilər Rəisinin seçiləcəyini proqnozlaşdırırdılar. Ötən 8 ildə hökumətin islahatçılarda olması, sosial-iqtisadi vəziyyətin çətinləşməsi Həsən Ruhani şəxsində islahatçı qanada olan etimadı azaltmışdı. Bunun bir nümunəsi 2020-ci il fevralın 21-də keçirilən seçkilər oldu. Bu seçkilərdə mühafizəkarlar böyük üstünlük (290 nəfərlik parlamentdə 223 mandat) əldə edərək parlamentə nəzarəti ələ keçirdilər. Keçmiş İnqilab Keşikçiləri korpusu generalı, Tehran bələdiyyəsinin sabiq sədri Məhəmməd Baqir Qalibaf İran parlamentinin sədri seçildi. Bu mənada 2021-ci il 18 iyun seçkilərində mühafizəkar qanadın əsas namizədi Rəisinin seçiləcəyi ehtimalı yüksək görünürdü. Beləliklə, prezident seçkilərində də sürpriz baş vermədi və Rəisi seçicilərin 61,9 faizinin səsini alaraq qalib gəldi.

Bu seçkilər eyni zamanda İranda son illərdə müşahidə olunan seçici passivliyinin daha bir nümunəsi oldu. Məsələn, daha əvvəlki 2017-ci il prezident seçkilərində seçici fəallığı 70 faiz idi. Son seçkilərdə isə hətta ölkə əhalisi arasında çox ciddi nüfuzu olan dini liderin birbaşa çağırışlarına rəğmən 48,8 faiz seçici seçkidə iştirak etdi. Maraqlıdır ki, aşağı seçici fəallığına baxmayaraq səsvermə prosesi xeyli uzanıb. Səhər saat 7:00-da başlayan səsvermə prosesi axşam 19-da bitməli olsa da, əhalinin məntəqələrə axını səsvermə saatının xeyli uzadılmasına səbəb olub. Nəticədə səsvermə gecə saat 2:00-a qədər davam edib. Yerli müşahidəçilər bunu havaların həddən artıq isti keçməsi səbəbindən insanların yalnız axşam saatlarında səsverməyə getməsi və məntəqələrdə sıxlığın yaranması ilə izah edib.

Bu seçkilərin daha bir maraqlı cəhəti isə odur ki, son 20 ildən çox müddətdə ilk dəfə İranda bütün hakimiyyət qolları bir cinahın əlində cəmləndi. Buna qədər İranda hakimiyyət bir qayda olaraq mühafizəkar və islahatçı adlanan qanadlar arasında bölünüb. Ancaq indi hər üç hakimiyyət qolu – parlament, prezident və məhkəmə sistemi mühafizəkarların əlindədir.

Rəisinin seçilməsi həm də mümkün dini lider seçkiləri ilə izah olunur. Belə ki, qarşıdakı 4-8 il ərzində İranda dövlət rəhbərliyinin ötürülməsi baş verə bilər. Ali dini liderə çox yaxın olan Rəisinin ölkənin ikinci adamı postuna gətirilməsi məhz bu keçidin əmin əllərdə və xətərsiz baş verməsi üçün ola bilər. Dini lider postuna namizəd kimi adı hallananlardan biri də Rəisidir. Hazırkı dini lider də 1989-cu ildə ölkənin prezidenti olduğu zaman dini lider seçilib. Bir sözlə, Rəisi İranın növbəti dini lideri olmasa belə, dini lider dəyişikliyinin həyata keçirilməsi prosesində həlledici təsirə malik ola biləcək əsas şəxsdir.

Yeni prezident Rəisi kimdir?

Rəisi 1960-cı il dekabrın 14-də Məşhəd şəhərində dünyaya gəlib. Atası seyid və ruhani olub, ancaq Rəisinin 5 yaşı olarkən dünyasını dəyişib. İlk təhslini Məşhəddə alan Rəisi 15 yaşında Quma gedərək burada dini təhsilini davam etdirib. Bu dövrdə Qum dini elm mərkəzi olmaqla yanaşı İranda həm də Şah hakimiyyətinə qarşı əsas ideoloji müxalifət mərkəzi idi. Rəisi gənc yaşlarında Şaha qarşı olan ruhanilərin yanında yer alıb.

İslam inqilabından sonra Rəisi məhkəmə-hüquq sistemində çalışmağa başlayıb. Əvəllər İranın müxtəlif yerlərində prokuror və prokuror müavini işləyən Rəisi 1989-cu ildə Tehran şəhər prokuroru təyin olunub. O, 1994-2004-cü illər arasında dövlət nəzarəti qurumuna rəhbərlik edib və 2004-cü ildə Ali Məhkəmə sədrinin müavini təyin olunub. Eyni zamanda, o, 2012-ci ildə Qumda fəaliyyət göstərən və yalnız din xadimlərinin mühakiməsini həyata keçirən dini məhkəmənin hakimi (hazırda da bu postu tutur) seçilib. 2014-cü ildə İranın baş prokuroru təyin olunan Rəisi 2 ildən sonra daha yüksək bir məqama – ölkənin ən böyük dini vəqfi olan Astani Qudsi Rəzəvi vəqfinin rəhbəri vəzifəsinə təyin edilir. O, 2017-ci il seçkilərində prezidentliyə namizəd olsa da, Ruhaniyə məğlub olur və 2 il sonra İran məhkəmə sisteminin rəhbəri vəzifəsinə gətirilir.

2019-cu ilin noyabrında ABŞ hökuməti Rəisinin adını sanksiya siyahısına daxil edib. O, dini liderin yaxın adamı, mühafizəkar xəttə mənsubluğu və Qərbə qarşı sərt fikirləri ilə tanınır. Beynəlxalq insan haqları təşkilatları isə onu 1988-ci ildən sonra müxalifətə verilən kütləvi cəzalarda iştirakı və 2009-cu il prezident seçkilərindən sonra etirazların yatırılmasındakı sərt mövqeyinə görə ittiham edir. Rəisi 1988-ci ildə həbsdə olan müxaliflər barədə məhkəmə qərarı verən dörd nəfərlik (digər şəxslər Murtaza Eşraqi, Hüseyn Əli Nayeri, Musafa Purməhəmmədi) heyətdə yer alıb. İddialara görə, bu heyət həbsxanada olan müxaliflərin mühakiməsini həyata keçirib və bu zaman 4 min nəfərə yaxın insan edam cəzası alıb.

Rəisi hazırda həmçinin din xadimlərinin təmsil olunduğu və dini lideri seçməyə məsul qurumun (Mütəxəssislər Məclisi – Məclisi Xubreqan) sədr müavinidir.

Seçki və İran azərbaycanlıları

Seçici fəallığı 48,8 faiz olsa da, bəzi yerlərdə daha aşağı göstəricilər qeydə alınıb. Ən aşağı göstəricilərdən biri paytaxt Tehranda qeydə alınıb: 32 faiz. Təbriz şəhərinin də yerləşdiyi Şərqi Azərbaycan ostanında seçici fəallığı 44 faiz olub. Bir neçə namizədin yerli türk dilində çıxış edərək azərbaycanlılardan dəstək xahiş etməsinə baxmayaraq, bu seçkilər azərbaycanlı əhali üçün xüsusi vəd və ya tələblərlə yadda qalmayıb.

Məsələn, 2013-cü il prezident seçkisi kampaniyası zamanı Ruhani azərbaycanlılara söz vermişdi ki, seçilsə İran Konstitusiyasının 15-ci maddəsinin işləməsinə, yəni azərbaycanlıların ana dilində təhsil almasına şərait yaradacaq. Ancaq Ruhani bu vədini reallaşdırmadı. Təbriz əhalisinin son seçkidə iştirak faizinin aşağı olmasının səbəblərindən biri də bu ola bilər. Təbrizlilərin eyni zamanda islahat qanadına səs verəcəyi də əvvəldən gözlənilmirdi. Baxmayaraq ki, islahat qanadının əsas namizədi Əbdünnasir Himməti Həmədandan olan türk idi.

Rəisi İranından gözləntilər

Rəisi nə sələfi kimi sosial-iqtisadi inkişaf, nə də hər hansı qruplar üçün ayrıca vəd təqdim etməyib. Yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə dövlət yardımının artırılması kimi seçki vədlərini kənara qoysaq, Rəisinin başlıca vədləri korrupsiya ilə mübarizə və şəffaflıqla bağlıdır. Seçki kampaniyası dövründə Təbrizə səfər edən Rəisi sələfi Ruhani kimi azlıqlar mövzusunda xüsusi vədlərlə çıxış etməyib.

Nəticə etibarilə, Rəisi seçkidə qalib gələn siyasətçidən çox sistemin öz gələcək planları ilə bağlı müəyyən etdiyi liderdir. Bu, bütün kampaniya boyu müşahidə olunurdu. İranda seçkilərdə namizəd olmaq üçün 590 nəfərdən birinci mərhələdə yalnız 34 nəfər keçə bildi. Yerdə qalan şəxslər Nəzarət Şurasının (Şurayei Negahban) süzgəcindən keçə bilmədi. Mayın sonunda isə Şura yalnız 7 nəfərin namizədliyini saxladı. Nəticədə 7 nəfərlik siyahıda hər ikisi əslən Azərbaycan əyalətlərindən olan islahatçı və 5 mühafizəkar namizəd var idi.

Seçkilərdən bir neçə gün sonra mətbuata verdiyi ilk açıqlamasında Rəisi sərt mühafizəkar mövqeyini ortaya qoydu. Jurnalistin “ABŞ prezidenti ilə görüşərsinizmi?” sualına “xeyr” cavabı verməklə, o, bəri başdan dini liderin kursuna sadiq olacağını nümayiş etdirdi. Aydın məsələdir ki, İran ABŞ-la danışıqları davam etdirəcək. Lakin Rəisi bildirib ki, ABŞ prezidenti 2015-ci ildə imzalanmış sazişə qayıtmalı və İrana qarşı sanksiyaları ləğv etməlidir. Eyni zamanda Rəisinin qarşısında yaxın iki ildə ölkədəki sosial-iqtisadi vəziyyəti dəyişmək kimi mühüm bir vəzifə var. Əgər yaxın zamanlarda ölkədə sosial-iqtisadi vəziyyətdə normallaşma qeydə alınmasa, bu, yalnız Rəisinin deyil, onun timsalında bütün mühafizəkar qanadın nüfuzdan düşməsinə səbəb ola bilər.

Sosial-iqtisadi vəziyyətin yaxşılaşması isə müəyyən mənada həm də ABŞ-la əldə olunan razılaşmadan asılıdır. Bu səbəbdən İranın yeni hakimiyyətinin ABŞ-la nüvə danışıqlarını davam etdirəcəyi gözlənilir. Hazırda Vyanada davam edən danışıqlar prosesi, həmçinin ABŞ-ın İranın dəstəklədiyi Yəmən Husi hərəkatını terrorçu təşkilatlar siyahısından çıxarması, Səudiyyə Ərəbistanı hakimiyyətinin İranla danışıqlara başlaması və nəhayət Əfqanıstanda Talibanın sürətlə irəliləməsi ABŞ-İran yaxınlaşmasına təsir edə bilər. Bu baxımdan, hər nə qədər sərt siyasi kursun tərəfdarı kimi çıxış etsə də, Rəisinin mövcud reallıqları nəzərə alacağı gözlənilir. Reallıqlar isə danışıqlar və beynəlxalq əməkdaşlığı diktə edir.

Azərbaycan-İran münasibətləri

Maraqlıdır ki, son illərdə Azərbaycanda İranda keçirilən seçkilərə maraq artıb. Bu maraq yalnız mütəxəssislər və media səviyyəsində deyil, eləcə də İrana xüsusi münasibəti olan qruplarda da müşahidə olunur. Əgər hazırkı İran sistemini türklərin düşməni görən qruplar üçün bu seçki rejimin növbəti qələbəsidirsə, digərləri, məsələn şiə dindarların bir çoxu üçün demokratik seçki və vəliyi-fəqihin növbəti uğurudur. Azərbaycanlı şiə dindarlar bir qayda olaraq İranda mühafizəkar xətti dəstəkləyir və dini liderin o taydakı azərbaycanlılarla yanaşı, bu taydakı dindarlar arasında da ciddi nüfuzu var.

Azərbaycan hökuməti isə cənubda baş verənlərə təmkinli yanaşır, baxmayaraq ki, artıq prezident İlham Əliyev yeni seçilmiş prezidenti təbrik edib. Müqayisə üçün qeyd edim ki, 2013-cü ilə qədər iki ölkə arasındakı münasibətlər həddən artıq soyuq və gərgin olsa da, Ruhani zamanında bu vəziyyət dəyişdi. O, bir neçə dəfə Bakıya səfər etdi və eyni zamanda Əliyevin də Tehrana səfərləri oldu. Nəticədə münasibətlərdə nisbi yumşalma hiss olunurdu. Azərbaycan hakimiyyəti İranla normal münasibətlərin qorunub saxlanmasında maraqlıdır. Ancaq aydın məsələdir ki, İranda Azərbaycanın İsraillə münasibətləri, 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi vəziyyətdən narahat olan qruplar var. İran siyasəti monolit deyil və Azərbaycana münasibətdə fərqli yanaşmalar mövcuddur.

Azərbaycan-İran münasibətləri İranda hakimiyyətdəki siyasi qüvvələrdən daha çox mövcud şəraitlə əlaqəli olub. Məsələn, 1990-cı illərdə Ayətullah Haşimi Rəfsəncaninin zamanında münasibətlər normal olub. Ancaq 1997-ci ildə islahatçı Məhəmməd Xatəminin zamanında münasibətlər soyuyub. Qarşılıqlı səfərlər olsa da, zaman-zaman gərginliklər, sərhəd problemləri qalıb. 2005-ci ildə mühafizəkar Mahmud Əhmədinejad prezident seçildi və onun prezidentliyinin birinci dövründə münasibətlər zahirdə normal olaraq qalsa da, ikinci müddətə seçildikdən sonra əlaqələr daha da pisləşdi. 2013-cü ildə islahatçı Ruhaninin prezidentliyi dönəmində isə gərginliklər yenidən yumşaldı.

Ümumi olaraq, Rəisinin prezidentliyi dövründə İran-Azərbaycan münasibətlərində bir neçə müsbət və mənfi xətlər aşkar görünəcək. Təbiidir ki, NATO-nun Türkiyə vasitəsilə Cənubi Qafqazda (Azərbaycanda) möhkəmlənməsi və Azərbaycan-İsrail əlaqələri İranın narahatlıq mənbəyi olaraq qalacaq. Lakin eyni zamanda birgə nəqliyyat layihələri, Türkiyənin təşəbbüsü ilə qurulacaq altılıq (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistan) əməkdaşlıq formatı, həmçinin İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində tikinti və bərpa işlərində pay alması ehtimalı reallaşarsa, iki ölkə əlaqələrini fundamental problemlərdən xilas etməsə də, nisbətən yaxşılaşmasına müsbət təsir edə bilər. İranda mühafizəkar xətt yerli istehsalın genişlənməsi və əsasən də qonşu ölkələrin bazarlarına çıxışını iqtisadi hədəf elan edib. Azərbaycan isə İran üçün əsas bazarlardan biri və tranzit ölkədir. Bütün bunlar İranın qarşıdakı illərdə əlaqələrin yaxşılaşmasında maraqlı olduğunu deməyə əsas verir. Çətin geosiyasi regionda Azərbaycan da İranla münasibətlərin korlanmamasına çalışır.

Nəticə

Qarşıdakı 4 ildə İranın prezidenti olacaq Rəisi ali dini liderə sadiq olacaq. Əlbəttə, İranda prezident kim olsa da, xarici siyasətin və ölkənin idarəçiliyində əsas kursu müəyyən edən dini liderdir. Amma bununla belə, daha əvvəl Xatəmi və son 8 ildə Ruhaninin prezidentliyi dövründə islahatçı prezidentlərin dini liderin kursundan müəyyən qədər kənara çıxdığı və bunun zaman-zaman daxili siyasi gərginliyə səbəb olduğunun da şahidi olmuşuq. Lakin əvvəlki prezidentlərdən fərqli olaraq Rəisi dini liderə şəxsi olaraq yaxın və onun etibar etdiyi kadr hesab olunur. Bu mənada Rəisinin prezidentliyi dövründə daxili siyasi fikir ayrılıqlarının olmayacağını ehtimal etmək olar. Fəqət İran üçün indi daha böyük risk siyasi qruplar deyil, ildən-ilə sosial-iqtisadi vəziyyəti pisləşən əhalidir. Rəisinin qarşısında duran ən ağır məsələ iqtisadi vəziyyəti qaydaya salmaq olacaq. Onun bu məsələləri həll edə bilmək üçün avantajı hakimiyyətin bütün qollarından dəstək ala biləcəyi və ən əsası İnqilab Keşikçiləri Korpusu (Sepah) ilə yaxın olmasıdır. İlk mətbuat konfransında Rəisi Qərblə münasibətlərdə mövqeyini ortaya qoyub. Hazırkı şərtlər İranın yeni rəhbərliyini Qərblə danışıqlara sövq edir. Lakin bu danışıqlar, həm də İran siyasətinin mühafizəkar qolunun nümayəndəsi kimi Rəisinin bu qolun ideoloji bel sütunu olan inqilab ixracı doktrinasının həyata keçirilməsində aktivliyindən, yəni regional siyasətdə özünü necə aparmasından da asılı olacaq.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir