KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov:Paris İrəvanın “şıltaqlığına” göz yumur, çünki…

Kənan Novruzov:Paris İrəvanın “şıltaqlığına” göz yumur, çünki…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
193 0

Azərbaycan Xarici İşlər Nazirliyi dünən Fransanı Ermənistanı təxribatlara təhrik edən bəyanatlardan çəkinməyə çağırıb. Bildirilib ki, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. “Üçtərəfli bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir. Fransa bir gün əvvəl Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanat yaymışdı. Rəsmi Paris uzun müddətdir ki, İrəvan – Bakı münasibətlərinə obyektiv qiymət vermir. Fransa ilə Ermənistan arasındakı münasibətlər çoxlarına məlumdur. Fransanın qərəzli mövqeyinin bir neçə əsas səbəbi var. Birincisi, Fransadakı erməni lobbisi yerli hakimiyyətə təsir edə bilir. İkincisi, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Üçüncüsü, Fransa Avropa İttifaqının (Aİ) sədri olduğunu unutmamalıyıq. Ermənistandakı Aİ missiyasının mövcudluğunu davam etdirməsi üçün gərginliyə ehtiyac var. Elə buna görə Paris İrəvanın “şıltaqlığına” göz yumur. Hətta, bəlkə də, zaman-zaman Fransa Ermənistanı təxribatlara təhrik edir. Ümumiyyətlə, rəsmi Parisdən bu məsələdə səmimilik gözləməyə dəyməz. Əgər Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında, həmçinin keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olsa idi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi 30 il ərzində bu istiqamətdə məqsədyönlü səylər göstərərdi. Amma tarixi təcrübə göstərdi ki, digər həmsədrlər kimi Fransa da regionla bağlı niyyətlərində səmimi deyil. İkinci bir tərəfdən, əgər Fransa regionda sülh və sabitlik istəyirsə, niyə terrorçuların Qarabağdan çıxarılması, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsi istiqamətində İrəvana təzyiq göstərmir? Görünür, Prezident Emmanuel Makron və onun komandası sadəcə riyakarlıq edirlər. Beləliklə, Fransanın niyə qərəzli mövqe tutduğu, Ermənistanı dəstəklədiyi və bu dövlətin təxribatlarına göz yumduğu gün kimi aydındır.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir