KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Zelenski və Putin görüşə bilər: ortaq məxrəc tapılır

Kənan Novruzov: Zelenski və Putin görüşə bilər: ortaq məxrəc tapılır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
346 0

Dünən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüş maraqlı açıqlamalarla yadda qalıb. Belə ki, müzakirədən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyətlərinə müraciətində bildirmişdi ki, artıq dialoqlar müsbət nəticə verməlidir: “Dünya sizdən gələn müjdələri gözləyir. Sizin müzakirələrdə əldə etdiyiniz nəticə növbəti mərhələdə liderlər səviyyəsində təması da təmin edə bilər”. Maraqlıdır ki, müzakirədən sonra hər iki tərəfin nümayəndəsi, həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini deyib. Çavuşoğlu vurğulayıb ki, müharibədən bəri bu, ən məhsuldar görüş oldu: “Bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər”. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak və Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski də görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər. Hətta Podolyak bildirib ki, dövlət başçılarının görüşü üçün heç bir maneə yoxdur: “Bu günkü müzakirənin nəticələri dövlət başçıları səviyyəsində görüş üçün kifayətdir”.
Əvvəllər də dediyimiz kimi, Ankara vasitəçilikdə israrlıdır. Çünki müharibəni dayandırmaq və savaşın miqyasının genişləndirilməsinin qarşısını almaq Türkiyə üçün böyük dividentlər vəd edir. Görünən odur ki, artıq Moskva ilə Kiyev də sülhə daha “isti” yanaşırlar. Çünki hər iki tərəf, xüsusilə Kreml Çavuşoğlunun “müharibənin qalibi, sülhün məğlubu olmaz” tezisinin təsdiqini tapmaqdadır. Rusiya iqtisadi təzyiqlər, sanksiyalar altında tədricən “boğulur”. Ukraynanın isə gücü tükənməkdədir. Savaşın daha bir müddət davam edəcəyi təqdirdə hər iki ölkədə etiraz dalğasının yaranması və ya mövcud narazılıqlarını artması gözləniləndir.
Bu baxımdan prezidentlər səviyyəsində görüş həm Rusiyanın, həm də Ukraynanın maraqlarına uyğundur. Əsas məsələ isə ortaq məxrəcin tapılmasıdır. Müharibənin artıq bir aydır davam etdiyini nəzərə alsaq, deməli, tərəflər kifayət qədər prinsipial davranmağa çalışırlar. Buna baxmayaraq, güzəşt üçün də yer var. Kiyevin rəsmi şəkildə NATO- dan imtina etməsi mümkündür. Onsuz da NATO- ya üzvlük indiki halda müşkül məsələdir. Üstəgəl, Zelenski bir neçə bu barədə oxşar fikirlərini səsləndirib. Həmçinin, bəlkə, Krım məsələsində müəyyən güzəştlər ola bilər. Podolyak dünən bu haqda danışarkən referendum keçiriləcəyinin anonsunu verib. Lakin, əlbəttə, bunlar qarşılıqsız olmayacaq. Əvəzində Rusiyanın Ukraynadan çıxması tələb olunacaq. Eyni zamanda Moskvanın Kiyevin daxili işlərinə qarışmayacağına dair öhdəlik tələb oluna bilər.
Dediyimiz kimi, Krım məsələsində Rusiyaya müəyyən güzəştlər oluna bilər. Lakin bu, heç bir halda Ukraynanın məğlubiyyəti kimi qiymətləndirilməməlidir. Əksinə, indi olduğu kimi, yaxın gələcəkdə, müharibə bitəndən sonra da Rusiyanın işi daha çətin olacaq. Kreml sanksiyaların hələ sadəcə “nəfəsini” hiss edir.
Çox böyük ehtimalla, yaxın günlərdə prezidentlər səviyyəsində təmaslar gündəmə gələcək və belə bir görüş baş tutacaq. Dövlət başçılarının məhz Türkiyədə görüşəcəyi gözlənilir. İstənilən halda, Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə vasitəçilik təşəbbüslərini davam etdirir. Əgər Türkiyə lideri bunu bacarsa, təkcə Rusiya və Ukraynanın deyil, həm də planetin xilaskarına çevriləcək, Qərbin məkrli oyununu isə pozacaq.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir