Ukrayna prezidenti Volodimir Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib ki, Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir.
“Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik”, – o bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. Bu gün strateji təminatlar bunlardır: Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlük; Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi.
ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalıb. Yanvarın 20- də Trampın andiçmə mərasimi keçiriləcək. Bundan sonra ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişəcəyi gözləniləndir.
Əvvəl də dediyimiz kimi, hakimiyyət dəyişikliyindən sonra ABŞ, yəqin ki, Ukraynaya dəstəyi azaldacaq. Tramp beləliklə, Kiyev və Moskvanı danışıqlar masasına oturtmağa və yekun sülhə nail olmaq istəyir. Bununla, belə Ukrayna tam məğlub vəziyyətdə danışıqlara razı olmayacaq. Rusiyanı şantaj edə biləcək qazanca ehtiyac var. Bu baxımdan, xüsusilə son zamanlar Ukraynanın Rusiyanın Kursk vilayətində fəallaşmasını təsadüfi hesab etmirəm. Bu, perspektivdə ərazi mübadiləsi və təxminən müharibəyə qədərki sərhədlərin bərpası ilə nəticələnə bilər.
Bu baxımdan Kursk hər iki tərəf üçün əhəmiyyətlidir. Ukrayna həmin ərazidə mümkün qədər möhkəmlənməyə, Rusiya isə qarşı tərəfi öz torpaqlarından çıxarmağa çalışır.
Mümkündür ki, “Kurs əməliyyatı” ilə bağlı artıq Tramp komandası ilə Kiyev arasında müəyyən razılıq əldə olunub.
Amma məsələ təkcə bununla bitmir. Ukrayna aldadılmadığından əmin olmalıdır. Bu mənada Trampla Zelenskinin üz- üzə müzakirə edəcəkləri kifayət qədər mövzu var.
Ümumiyyətlə, Zelenski Trampla mümkün qədər tez görüşmək üçün tələsir. Çünki müharibənin və Ukraynanın taleyi xeyli dərəcədə ABŞ-ın qərarlarından, atacağı addımlardan asılı olacaq. Odur ki, Kiyev mümkün qədər tez Vaşinqtonun planını bilmək və buna uyğun öz “yol xəritəsini” hazırlamaq niyyətindədir.
Maraqlıdır, Zelenski “Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir” deyəndə konkret olaraq hansı şərtləri nəzərdə tutub? Əlbəttə, bu cümləni sadəcə populist bəyanat kimi də dəyərləndirmək olar. Belə ki, müharibənin hansı şərtlərlə başa çatmasından asılı olmayaraq rəsmi Kiyev, böyük ehtimalla bunu özünün uğuru kimi qiymətləndirəcək və dolayısı ilə ədalətin qorunduğunu bildirəcək.
Bununla belə, sözün əsl mənasında ədalətli şərtlər Ukraynanın işğalı altındakı bütün torpaqlarının, o cümlədən Krımın qaytarılmasıdır. Əgər Ukrayna liderinin nəzərdə tutduğu budursa, onda savaşın bu il bitmə ehtimalı azalacaq.
Strateji təminatlar məsələsinə gəldiksə isə, Ukraynanın yaxın zamanda Aİ və NATO-ya üzv olacağı inandırıcı görünmür. Əgər müharibə rəsmi Kiyevin Alyansa üzvlüyünə görə başlamışdısa, onda Rusiya Ukraynanın Qərb təşkilatlarına üzvlüyünü qəbul etməyəcək.
Ukrayna Silahlı Qüvvələrinə silah təminatı məsələsi də sual altındadır. Ukrayna silahı nə üçün istəyir? Müdafiə, ya revanş məqsədli? Əlbəttə, Kiyev birinci, Moskva ikinci variantı iddia edəcək. Bu baxımdan, Rusiya Ukraynanın silahlandırılmasını özünə təhdid kimi qiymətləndirə bilər.
Kənan Novruzov