KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Zelenski NATO- ya üzvlük üçün ərazi güzəştinə gedə bilər

Kənan Novruzov: Zelenski NATO- ya üzvlük üçün ərazi güzəştinə gedə bilər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
201 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Rusiyanın şərtləri ilə aparılan danışıqların Ukrayna və Qərbin tam məğlubiyyətinə bərabər olacağını açıqlayıb. Qurum Rusiyanın Ukraynadakı müharibə ilə bağlı məqsədlərini dəyişmədiyini qeyd edib: “Rəsmi Moskva Kiyevlə vicdanlı, ciddi danışıqlar aparmaq niyyətində deyil”.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın müharibənin həlli üçün zəruri ilkin şərt kimi Ukraynanın qoşunlarını Rusiya ərazisindən çıxarması tələbi Moskvanın maksimalist məqsədlərini, həmçinin qeyri-qanuni ilhaq etdiyi dörd vilayətin bütünlüklə nəzarətdə saxlanmasını nəzərdə tutur: “Zaxarova Rusiyanın Ukraynadakı maksimalist məqsədlərinin dəyişmədiyini vurğulayıb. O söyləyib ki, müharibə yalnız Ukrayna ordusunun tam təslim olması şərti ilə mümkündür”.
Hesabatda həmçinin yazılıb ki, Rusiyanın Ukrayna ərazisinə indiki cəbhə xəttinə qədər nəzarət etdiyi şəraitdə Kiyevin təslim olmasına çağırışlar Ukraynanın və Qərbin milli təhlükəsizlik maraqları baxımından artıq qəbuledilməzdir.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Rəsmi Moskva sülhlə bağlı şərtini bir neçə dəfə açıqlayıb. Bildirilib ki, bunun üçün lazım olan yeganə məsələ Ukraynanın təslim olmasıdır. Rəsmi Kiyev isə hələ ki, təslim olana oxşamır.
Əvvəl də dediyimiz kimi, Qərb, o cümlədən ABŞ müharibənin uzanmasında birbaşa maraqlıdır. Ukraynaya hərbi dəstəyin yalnız müqavimət göstərmək səviyyəsində tədarükü də belə düşünməyə əsas verir. Əgər ABŞ-ın məqsədi Ukraynanın qələbəsi olsa idi, onda silah tədarükünü artırardı.
Bəlkə də, rəsmi Kiyev artıq sülh istəyir. Çünki müharibə dalana dirənib. Əks – hücum əməliyyatı lazımi nəticəni vermədi. Bunu Zelenski özü də etiraf edib. Amma ABŞ və müttəfiqləri Ukraynada sülhün əldə olunmasına imkan vermir. Onlar Ukraynanı silahlandırmaqla döyüşlərin uzanmasına “töhfə verirlər”. Kiyev geri çəkilsə, Qərb silah tədarükünü daha da azaltmaqla bu dövləti şantaj edə bilər.
Amma onu da nəzərə almaq lazımdır ki, Ukraynanın artıq itirəcək nəyisə yoxdur. Ölkə tamamilə dağılıb. Odur ki, bundan sonra cəsarətli addımlar atmaq Kiyev üçün daha asandır.
Lakin məsələ təkcə bununla bitmir. Çünki proseslərin inkişafı Ukraynadan daha çox Qərbdən asılıdır. ABŞ isə məğlub olmaq, geri çəkilmək istəmir. Ümumiyyətlə, ABŞ Ukraynadan “qalxan” kimi istifadə edir.
Rusiyanın şərtləri daxilində sülh müqaviləsinin imzalanması, doğrudan da, həm Ukrayna, həm də Qərb üçün məğlubiyyət deməkdir. Çünki bu halda Ukrayna nəinki işğal altındakı ərazilərini azad edə bilməyəcək, hətta torpaq güzəştinə getməli olacaq.
Ancaq başqa bir məsələ Ukraynanın perspektivdə NATO- ya üzvlüyü ilə bağlıdır. Yada salmaq yerinə düşər ki, məhz Alyansın genişlənmə cəhdləri savaşa gətirib çıxarmışdı.
Rəsmi Kiyev hələ də NATO- ya üzvlükdə israrlıdır. Amma bu, indiki şərait üçün real deyil. Çünki ölkəsində müharibə gedən ölkə Alyansa üzv ola bilməz. Gələcəkdə Ukrayna Rusiyanın işğalı altında olan torpaqlarından imtina etsə, mütləq üzvlük məsələsini masaya qoyacaq. Belə ki, Ukrayna Krım, Donbas, Luqanskdan, həmçinin hazırda xeyli hissəsi işğal altında olan Zaporojye və Xersondan o halda imtina edər ki, qalan hissəsi ilə NATO- ya üzv olsun. Bu isə Ukraynanın parçalanması olacaq.
Müharibə hazırda dalana dirənsə də, döyüşlər yəqin ki, bir müddət daha davam edəcək. Tərəflər indi daha çox psixoloji müharibə aparır. Davamlı sülhün əldə olunması üçün ciddi konsesusa ehtiyac var. Bu isə hazırda real görünmür. Ukrayna və Rusiya sülhə hazır deyil. Qərb isə sadəcə olaraq buna maraq göstərmir.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir