İçeriğe geçmek için "Enter"a basın

Kənan Novruzov: Zaxarovadan Cənubi Qafqazla bağlı mühüm mesaj: “Bu başı bəlalı region…”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Cənubi Qafqaz regionunda sülhü nəyin bahasına olursa-olsun qorumaq lazımdır. O, Rusiya tərəfinin regionda sülhün qurulmasına kömək etməyə hazır olanları alqışladığını bildirib və Moskvanın Qərbin dağıdıcı təsirinə dözməyəcəyi barədə xəbərdarlıq edib.
“Bu başıbəlalı region bir çox münaqişələrdən keçib, buna görə də Rusiya tərəfi bura sülhlə gələrək kömək etmək və töhfə vermək istəyənlərə şad olacaq. Biz bölgədə sülhü qorumaq üçün birlikdə bu qədər güc sərf etmişik. Biz Qərbin özünün idarə olunan xaos siyasətindən istifadə etməsinə imkan verməmək üçün əlimizdən gələni etməliyik”, – M.Zaxarova qeyd edib.
Rusiya rəsmisinin açıqlamasında diqqət çəkən bir neçə məqam var. Birincisi, o, Cənubi Qafqazı “başıbəlalı region” kimi xarakterizə edib. Əslində, haqlıdır. Çünki Rusiya və Qərb tarixən bu bölgəyə “yağlı tikə” kimi baxıblar. Zaxarova əslində həm də dolayısı ilə rəsmi Moskvanın regionla bağlı maraqlarını etiraf edib.
İkincisi, rəsmi Moskva bölgədəki gərginliyə görə Qərbi ittiham edib. Əslində bu da təəccüblü deyil. Belə ki, tərəflər nəinki Cənubi Qafqazda, digər bölgələrdəki gərginliyə görə də həmişə bir – birilərini günahlandırırlar. Bu da əslində tərəflər arasında rəqabətin təzahürüdür.
Rusiya uzun illər, daha dəqiq desək, İkinci Qarabağ müharibəsinə qədər Cənubi Qafqazda gərginliyin davamlı olmasında və Qarabağ “düyününün” açılmamasında maraqlı idi. Bunu Moskvanın regional və milli maraqları tələb edirdi.
İkinci Qarabağ müharibəsindən sonra isə Cənubi Qafqazda yeni reallıq yarandı. Rəsmi Moskva çox keçmədən Bakının bölgədə yaratdığı yeni reallıqlarla hesablaşmağa başladı. Sözsüz ki, Ukraynada başlayan savaşın da bu məsələdə müəyyən rolu oldu.
Bu gün Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. Qərb bütün imkanları ilə Rusiyanı sıxışdırır. Hazırkı vəziyyətdən istifadə etmək istəyən ABŞ və müttəfiqləri bölgəyə soxulmağa cəhd edir. Bu isə Kremlin maraqlarına uyğun deyil.
ABŞ-nin əsas strategiyası Ermənistan vasitəsilə bölgədə yeni gərginlik yaratmaqdır. Çünki Qərb ancaq gərginlik vasitəsilə özünün regiondakı təsir imkanlarını qoruya bilər.
Rusiya bunlardan narahatdır. Çünki perspektivdə Qərbin təhrikləri nəticəsində Ermənistana qarşı Cənubi Qafqazda ikinci cəbhə açıla bilər. Bu, Moskva üçün ciddi təhdiddir. Odur ki, Rusiya bütün imkanları belə bir ssenarinin qarşısını almağa və təmkinli davranmağa çalışır.
Onu da deyək ki, Rusiyanın regionda sülh istəməsi sadəcə olaraq bu dövlətin öz maraqları ilə bağlıdır. Yəni Moskvanın maraqları əgər bir neçə il əvvəl gərginliyi tələb edirdisə, indi sabitliyi tələb edir.
Rusiya hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını və bunun öz vasitələçiliyi ilə olmasını istəyir. Çünki regional sülh Rusiya üçün mümkün təhdidlərin qarşısını almaqla yanaşı, həm də onun regiondakı mövcudluğunu təmin edəcək.
Rəsmi Bakı təmkinli olmalıdır. Moskva ilə dialoqa getmək və yaranan fürsətlərdən istifadə etmək olar. Amma Azərbaycan heç bir halda Rusiyaya bənd olmamalı, regional sabitlik üçün daha çox Ermənistanla ikitərəfli təmaslara üstünlük verməlidir.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir