İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağına yeni hücum planını təsdiqləyib.
Bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın öz qüvvələrini yenidən qruplaşdırdığı və müdafiəsini gücləndirdiyi bir vaxtda İsrail münaqişənin eskalasiyasına hazırlaşır.
İsrail Ordusu ölkənin siyasi rəhbərliyinə məlumat verib ki, Fələstin anklavında hər hansı yeni hücum müxtəlif əməliyyat çətinliklərindən asılı olacaq. Bu isə ilk növbədə, girovların saxlanıldığı güman edilən ərazilərə aiddir.
Portal qeyd edib ki, son bir ay ərzində ehtiyat briqadaları da daxil olmaqla, İsrail Ordusunun çoxsaylı diviziyaları Qəzzada quru hücumuna hazırlaşıb.
Əvvəl də dediyimiz kimi, Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. İsrailin Qəzzaya humanitar yardımların tədarükünü dayandırmasından sonra vəziyyət daha da kritikləşib. Görünən odur ki, İsrailin hələ ki, dayanmaq fikri yoxdur. Bunun bir neçə səbəbi var.
Birincisi, İsrailin arxasında ABŞ dayanır. Yaxın Şərqdə gərginliyin qorunması Ağ Evin maraqlarına cavab verir. Çünki Vaşinqton mövcud durumdan Tehrana təzyiq vasitəsi kimi istifadə edir.
Xatırlatmaq yerinə düşər ki, ABŞ bir müddət əvvəl İsrailə hərbi yüklərin, o cümlədən ağır bombaların ötürüləcəyini bildirmişdi. Bu, o deməkdir ki, Vaşinqton Təl- Əvivin savaşı davam etdirməsində maraqlıdır. ABŞ və İsrailin ard- arda Fələstinin HƏMAS hərəkatına xəbərdarlığı da göstərir ki, döyüşlər hələ davam edəcək.
İkinci bir tərəfdən, beynəlxalq ictimaiyyət, o cümlədən İslam dövlətləri İsrailin hazırkı ritorikasına lazımi dəstəyi vermir. Bu da Təl- Əvivin “əl- qol açmasına” şərait yaradır.
Ümumiyyətlə, Tramp özünün sələfi Cozef Baydenə nisbətən İsrailə daha çox dəstəkləyir. Birincisi, ona görə ki, ABŞ prezidentinin yəhudi lobbisinim dəstəyinə ehtiyacı var. İkincisi, onun kürəkəninin yəhudi olduğu iddia edilir. Üçüncüsü və bəlkə də, ən əsası Trampın Yaxın Şərqlə bağlı planları var. O, Qəzzaya iddia edir. Vaşinqtonun Yaxın Şərqdə və Qəzzada təsir imkanını artırması üçün bölgədə təhlükəsizlik arxitekturası dağılmalıdır. ABŞ bunu məhz İsrail vasitəsilə etməyə çalışır.
Hazırkı mənzərə onu deməyə əsas verir ki, müharibə hələ davam edəcək. Hətta perspektivdə eskalasiyasının genişlənmə ehtimalı da var.
Kənan Novruzov