Kənan Novruzov: Vətən savaşının Zəngilan zirvəsi
2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusun strateji baxımdan ən böyük uğurlarından biri Zəngilanın işğaldan azad olunması idi. Oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Zəngilanı işğaldan azad etdi. Bununla da savaşın gedişatında mühüm irəliləyiş əldə olundu.
Zəngilanın işğaldan azad olunması ilə təkcə hərbi uğur əldə olunmadı. Bu, həm də Ermənistan tərəfinə vurulmuş psixoloji zərbə idi.
Məsələ burasındadır ki, Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa edildi. Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi. İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanır və Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alınfı. Hərbçi ekspertlər Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunmasında əhəmiyyətini xüsusi olaraq qeyd ediblər. Çünki, Zəngilanın azad olunması ilə Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan tərəfindən gələn hərbi və qida yüklərinin qarşısını aldı.
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı.
Artıq Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır. Bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – «ASAN», «DOST», kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olub. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.
Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175-dən çox ailənin, yəni təxminən 900 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək.
Zəngilanda görülən işlər, sözsüz ki, yalnız lokal əhəmiyyətli deyil. Yenidənqurma- bərpa işləri həm bütövlükdə Qarabağ regionu, həm də ölkə üçün ciddi iqtisadi- siyasi dividentdir. Bu baxımdan Zəngilanın azad olunması Azərbaycan tarixi üçün çox böyük hadisədir.
Kənan Novruzov
Share this content:



Yorum gönder