ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında fikir ayrılıqlarına baxmayaraq, Kiyev və Vaşinqton Ukraynada faydalı qazıntıların hasilatına dair sazişlə bağlı daim təklif mübadiləsi aparır. Bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Kiyevdəki mənbə bildirib ki, Ukrayna hakimiyyəti ötən gün ABŞ-yə yeni saziş layihəsi göndərib.
“Tərəflər davamlı olaraq layihə mübadiləsi aparır, dünən biz daha bir layihə göndərdik. Ukrayna tərəfi ABŞ-dən cavab gözləyir”, – məlumatda qeyd olunub.
Fevralın əvvəlində Tramp bildirib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. ABŞ və Ukrayna KİV-in məlumatına görə, saziş Ukraynada faydalı qazıntı hasilatından əldə edilən gəlirin yarısı üzrə hüquqların ABŞ-yə verilməsini nəzərdə tutur. Söhbət təkcə nadir torpaq metallarından yox, titan, uran, qaz və neftdən gedir.
Əvvəl də dediyimiz kimi, Tramp müharibəyə biznesmen təfəkkürü ilə yanaşır. O, başa düşür ki, hər iki tərəfin- həm Rusiyanın, həm də Ukraynanın işi çətindir. Vaşinqtonun Moskvadan da, Kiyevdən də gözləntiləri var. Trampın Rusiyadan əsas istədiyi İran və Çinlə münasibətləri zəiflətməyi, həmçinin Yaxın Şərqdəki proseslərə müdaxilə etməməsidir. Ukraynanın isə torpaqlarına və təbii sərvətlərinə göz dikib. İndi hansı tərəf ABŞ- nin maraqlarını təmin etsə, ABŞ da ona güzəşt edəcək.
Amma məsələ burasındadır ki, Rusiyaya nisbətən Ukraynanın işi daha çətindir. Bu isə o deməkdir ki, Kiyevin Vaşinqtonun şərtləri ilə barışması daha realdır, nəinki Moskvanın.
Əslində Kiyevin ABŞ – la təbii sərvətlərin hasilatına dair saziş imzalaması Ağ Evin faktiki olaraq Ukraynanı işğal etməsinin başlanğıcı ola bilər. Başqa sözlə desək, əgər Tramp Ukraynadan istədiyini alsa, kifayətlənməyəcək və daha çoxunu istəyəcək. Bu, perspektivdə Ukraynanın suverenliyini itirməsi demək olar.
Ukrayna ABŞ – a güzəştə getməsə, onda dəstəkdən məhrum olacaq. Avropa rəsmi Kiyevi axıra qədər dəstəkləyə bilməyəcək. Bu da Ukrayna üçün arzuolunmaz ssenaridir.
Qısası, Ukraynanın işi çox çətindir. Ya ABŞ-la razılaşmalı və müstəqilliyini müəyyən mənada itirməsi qarşılığında müharibədən qismən qalib ayrılmalı, ya da Vaşinqtona müqavimət göstərərək sona qədər Moskva qarşıaında dirənməlidir. Çox güman, Ukrayna birinci variantı seçəcək.
Yaxın gələcəkdə Ukrayna ilə ABŞ arasında təbii sərvətlərin hasilatına dair sazişin imzalanması mümkündür.
Kənan Novruzov