Rusiya ilə Ukrayna arasında müharibə kritik mərhələyə daxil olub. ABŞ-ın yeni seçilmiş prezidenti, Respublikaçıların lideri Donald Trampın andiçməsindən sonra tərəflərə arasında danışıqların başlanması üçün çalışacağı bildirilir.
Müharibənin bu il başa çata biləcəyinə dair ciddi siqnallar var.
Hazırda döyüşlərdəki ən ciddi məqam Rusiyanın Kursk vilayəti ilə bağlıdır. Belə ki, Ukrayna Kurskda fəallaşıb. Ukrayna bütün imkanları ilə Kurskda möhkənməyə çalışır. Rusiya isə, əksinə, bütün imkanları ilə qarşı tərəfi öz ərazisindən çıxarmağa çalışır. Şimali Koreya qoşunlarının daha çox məhz bu istiqamətə cəlb olunması da bununla bağlıdır.
Hazırda Kurskda ciddi döyüşlər gedir.
Ukrayna başa düşür ki, yaxın gələcəkdə danışıqların başlanma ehtimalı var. Ona görə də ehtimal olunan danışıqlara mümkün qədər əli güclü getmək istəyir. Bəlkə də, Kurskda fəallaşma məhz Tramp komandası ilə Kiyevin hansısa gizli razılaşmasının nəticəsidir.
Belə ki, Ukrayna mümkün danışıqlarda ərazi mübadiləsinə getməyə, nəticədə itirilmiş torpaqlarını geri qaytarmağa çalışır. Bu, Rusiya üçün uğursuz ssenaridir. Ona görə də mümkün danışıqlara qədər Ukraynanı Kurksdan çıxmarmağa çalışır.
Nəticə etibarı ilə mümkün razılaşma və müharibənin nəticəsi xeyli dərəcədə Kurskdakı vəziyyətdən asılı olacaq.
Kənan Novruzov