Kənan Novruzov: Ukrayna kazanı kaynıyor
Ukrayna “qazanı qaynayır”: ABŞ bu yolla ehtimal edilən razılığın qarşısını ala bilər
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya Rusiyanın dərinliyinə Amerika istehsalı silahla vurmağa icazə verməyə getdikcə daha da yaxındır, Ağ evdə bu mövqeyə yenidən baxılmasını qaçılmaz hesab edirlər.
Bu barədə “The New York Times” öz mənbələrinə istinadən bildirib.
“Prezident Bayden Ukraynadakı müharibədə onun ən mühüm qərarlarından biri ola biləcək şeyə – Amerika silahı ilə Rusiya ərazisinə zərbələr endirməyə qoyulan qadağanın ləğvinə yaxınlaşır”, – nəşr yazıb.
Mənbələr bildiriblər ki, Baydenin müşavirləri münaqişənin “nüvə rəqibi ilə birbaşa qarşıdurmaya” çevrilməsi ehtimalından narahat olsalar da, sözügedən “mövqeyin dəyişməsini qaçılmaz olduğuna inanırlar”.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ ev artıq mövcud riskləri nəzərə alaraq mövcud siyasəti yenidən nəzərdən keçirməyə başlayıb.
Məqalədə vurğulanıb ki, Vaşinqton Amerikalı istehsalı silahlarla Rusiyanı vurmağa icazə versə belə, Ukrayna hədəflərin seçimi və silahdan hansı şəkildə istifadə olunacağına dair “sərt məhdudiyyətlərlə” üzləşəcək.
Məlum olduğu kimi, ABŞ indiyə qədər öz silahları ilə Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə vermirdi. Bunun iki əsas səbəbi ola bilər. Birincisi, ABŞ müharibənin daha da genişlənməsindən və Rusiya ilə birbaşa toqquşmadan narahatdır. İkincisi, bu, Moskva ilə Vaşinqton arasında ehtimal edilən gizli razılaşmaya ziddir.
Əlbəttə, “The New York Times” – ın yazdıqları sadəcə iddia və informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Bu mənada yazılanlara etibarlı mənbə kimi yanaşmaq doğru olmaz. Hər halda bu barədə hələ ki, heç bir rəsmi açıqlama yoxdur.
Ağ Evin Ukraynanın Amerika istehsallı silahlarla Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsi o deməkdir ki, Vaşinqton Moskva ilə birbaşa toqquşmaya və hətta nüvə silahının tətbiqinə hazırdır.
Bayden prezident seçkiləri ərəfəsində belə bir qərar verməklə tərəfdarlarının sayını artıra və beynəlxalq ictimaiyyət arasında azalan nüfuzunu bərpa etməyə çalışa bilər. Hərçənd Respublikaçıların və bu partiyanın əsas namizədlərindən biri olan keçmiş dövlət başçısı Donald Trampın Baydenin mümkün sözügedən qərarından öz xeyrinə istifadə edəcəyi və qarşı tərəfi ittiham edəcəyi də şübhəsizdir.
Ukraynadakı müharibə faktiki olaraq dalana dirənib. Belə bir vəziyyətdə Ağ Evdə iddia olunan qərarın qəbul edilməsi məntiqlidir. Çünki bu, Ukraynaya üstünlüyü ələ almağa imkan verəcək.
Başqa versiya da mümkündür: məlum olduğu kimi, Rusiya son zamanlar ən ali səviyyədə sülhə hazır olduğunu deyir. Ukrayna isə hələ ki, bu təklifə yaxın durmur. Aydın məsələdir ki, Kiyev Vaşinqtonun təsiri ilə belə davranır. Amma ola bilsin, Ağ Evdə düşünürlər ki, Amerika silahları ilə Rusiya ərazisinə zərbələrin endirilməsi Moskvanın ritorikasına təsir edər və ehtimal olunan razılığın qarşısını ala bilər. Beləliklə, savaş nəinki uzanacaq, həm də yeni, daha mürəkkəb fazaya keçəcək. Əgər bu versiya doğrudursa, deyə bilərik ki, Amerikan silahları ilə Ukrayna ərazisinə zərbələr endirilməsi icazə yox, direktiv olacaq.
Nəşrin yazdıqlarından da belə məlum olur ki, Ukrayna hazırda faktiki olaraq ABŞ – dan asılı vəziyyətdədir. Qəzetin iddiasına inansaq, deyə bilərik ki, zərbə obyektlərini və silahlardan necə istifadə etməyi də ABŞ müəyyənləşdirəcək. Bu isə o deməkdir ki, Ukrayna artıq müstəqil deyil.
Ağ Ev bütün hallarda Ukraynanı deyil, öz maraqlarını düşünür. Bu isə o deməkdir ki, hansı addımın atılmasından asılı olmayaraq, Kiyev qurban rolunu oynamağa davam edəcək.
Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şərhçi
Share this content:
Yorum gönder