Kənan Novruzov: Ukrayna bufer zonanın yaradılmasından niyə imtina etdi?
Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib ki, cəbhə xəttinin hər iki tərəfindən 15 km-lik demilitarizasiya olunmuş bufer zonanın yaradılması şəhərlərin itirilməsinə səbəb ola bilər.
Zelenskinin sözlərinə görə, demilitarizasiya zonası və qoşunların geri çəkilməsi barədə rəsmi olaraq Ukraynaya təklif edilməyib.
Ukrayna lideri bildirib ki, bu məsələdə bir çox çətinliklər yaranır:
“Müasir artilleriyanın və dronların atış məsafəsi 15 km-dən xeyli çoxdur. Hətta 15 kilometrdən danışsaq belə, Xerson şəhəri ilə nə edəcəyik? Bu o deməkdir ki, Xersonda bizim hərbçilərimiz olmayacaq. Orada bizim hərbçilərimiz olmasa – deməli, Xerson da olmayacaq”.
O əlavə edib ki, eyni vəziyyət Pokrovsk və digər cəbhə xəttinə yaxın şəhərlərlə də bağlıdır: “Bu barədə danışmaq hələ tezdir. Qoşunların geri çəkilməsi ilə bağlı ideya bu gün üçün real deyil”.
Əslində Zelenskinin mövqeyi məntiqlidir. Məsələ burasındadır ki, müharibə başlayandan bəri işğal və qanunsuz ilhaq nəticəsində cəbhə xətti dəyişib. Rusiya Ukrayna torpaqlarının xeyli hissəsini tutub. İndi 15 kilomtrlik bufer zonanın yaradılması bir çox istiqamətdə hərbi əməliyyatların dayandırılması deməkdir. Bu isə həm də Ukraynanın ərazi itkisi ilə barışması mənasına gəlir.
Ukrayna liderinin Xerson şəhərini xüsusilə qeyd etməsi təsadüfi deyil. Çünki Xerson strateji əhəmiyyətlidir. Şəhərin müəyyən hissəsinin tutulmasına baxmayaraq, Ukrayna təslim olmaq niyyətində deyil.
Ümumiyyətlə, Zelenskinin dediklərindən də belə başa düşülür ki, atəşkəs müzakirələrinə baxmayaraq, Şərqi Avropada yaxın gələcəkdə “sular durulmayacaq”. Böyük ehtimalla Kiyev də hələ ki, bu məsələyə isti yanaşmır. Bunun əsas səbəbi Ukraynanın ABŞ və Avropa ilə bağlı tərəddüdüdür.
Düşünmək olar ki, Rusiya- Ukrayna savaşı “hələ çox su aparacaq”.
Kənan Novruzov
Share this content:
Yorum gönder