KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Türkiyə və Yunanıstan “eyni gəmidədir”

Kənan Novruzov: Türkiyə və Yunanıstan “eyni gəmidədir”

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
23 0

Növbəti böyük müharibə Balkanlarda başlaya bilər:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Yunanıstanın Baş naziri Kiryakos Miçotakis deyib ki, Afina ilə Ankara arasında sabitlik qorunmalıdır.
O bildirib ki, bu, hər iki ölkə xalqının faydasınadır: “Hədəfimiz iki ölkə arasında münasibətlərin normallaşmasına nail olmaqdır”.
Baş nazir iki ölkənin xarici işlər nazirlərinin Afinada baş tutan görüşünün müsbət atmosferdə keçdiyini, ancaq əsas məsələlərdə hələ də uzlaşmanın əldə olunmadığını diqqətə çatdırıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl Afinaya getmişdi. O, həmkarı Yorgo Gerapetritis ilə görüşündə ikitərəfli və regional məsələlər barədə danışıblar. Nazirlər, həmçinin Şərqi Avropa, Yaxın Şərq və Qafqazdakı durum barədə də fikir mübadiləsi aparıblar.

Son dövrlər tərəflər arasında “soyuq küləklərin” qismən azaldığı hiss edilir. Görünür, hər iki tərəf münasibətlərin normallaşmasında və Balkanlarda sabitliyin qorunmasında maraqlıdır.
Xatırladaq ki, bir neçə ay əvvəl, daha dəqiq desək, bu ilin iyul ayında tərəflər arasında münasibətlər yenidən gərginləşmişdi. Belə ki, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın “bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərik” bəyanatından sonra tərəflər arasında yeni “soyuq küləklər” əsməyə başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Gülər yunan nazirə adekvat cavab vermişdilər.

Ancaq tərəflər arasında gərginlik çox çəkmədi. Ankara və Afina üçüncü tərəflərin gərginlik yaradaraq regiona daxil olma cəhdlərinin qarşısını aldı.
Ümumiyyətlə, iki ölkə arasında tarixi problemlərin əsas səbəbi ərazi məsələləri – adaların taleyidir. Belə ki, Egey dənizinin cənub-şərqində “12 ada” kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.
1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış “Montrö sazişi” ilə geri ala bildi.
Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı bu gün də davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil oyunçu kimi qəbul edir.
Bununla belə, 2023-cü ildən etibarən tərəflər arasında normallaşma prosesi başlayıb. Belə ki, ötən ilin ilk yarısında keçirilən seçkilərdə yenidən qalib gələn Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kriakos Miçotakis iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa qərarlı görünürlər.

Təsadüfi deyil ki, Türkiyə Prezidenti ötən il dekabrın 7-də ilk dəfə olaraq Yunanıstana rəsmi səfər etdi. O, R.T.Ərdoğanla görüşdü, eyni zamanda səfər çərçivəsində Afina ilə Ankara arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalandı.

Vurğuladığımız kimi, son zamanlara qədər tərəflər arasında münasibətlər müsbət dinamika ilə inkişaf edirdi. Həm Ankara, həm də Afina münasibətlərin normallaşmasında maraqlı görünür.
İstisna deyil ki, bu, bəzi qüvvələri narahat edir. Fərqli regionlarda gərginlik yaratmaqla özlərinin imperialist maraqlarını təmin etmək istəyən Qərb dairələrinin “oxu, deyəsən, bu dəfə daşa dəydi”. Belə ki, həm Türkiyə, həm də Yunanıstan başa düşür ki, mümkün müharibə Şərqi Avropadakı, Yaxın Şərqdəki savaşlardan daha ağır nəticələrlə yadda qalacaq. Çünki hər iki dövlət NATO üzvüdür. Bu isə o deməkdir ki, mümkün müharibə nəticəsində Alyansın parçalanması, dünyadakı təhlükəsizlik arxitekturasının dəyişilməsi qaçılmaz ola bilər. Nə Afina, nə də Ankara bunu, imperialistlərin qurbanına çevrilməyi istəyir. Odur ki, iki qonşu növbəti böyük savaşın qarşısını almağa çalışır.
Kənan Novruzov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir