Türkiyəli analitik Engin Özer deyib ki, Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycan tərəfinə ötürə bilər. Onun sözlərinə görə, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq.
“Türkiyənin İstanbul danışıqlarının razılaşdırılmış bütün məqamlarını Azərbaycan tərəfinə ötürməsi və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etməsi variantlardan biri ola bilər. Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq”, – o bildirib.
E.Özerin sözlərinə görə, Moskvanın bəyəndiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq arenada çox güclü mövqeyə malik olacaq: “Ona görə də Moskva bu “hədiyyə”ni NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”.
Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda Bakının Moskva ilə Kiyev arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib.
Əslində Bakının Moskva ilə Kiyev arasında danışıqlara ev sahibliyi etməsi kifayət qədər real məsələdir. Birincisi, ona görə ki, bir çox dünya dövlətindən fərqli olaraq Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri var. İkincisi, Bakı eyni ilə Ankara kimi müharibənin ən qısa vaxtda başa çatmasında səmimidir.
Üçüncüsü, Azərbaycan, Rusiya və Ukrayna uzun illər SSRİ-nin tərkibində olublar. Bu, tərəflər arasında müəyyən yaxınlaşmalar üçün əsas ola bilər. Dördüncüsü, Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçilik üçün lazımi siyasi iradəyə, diplomatik gücə malikdir.
Bu baxımdan Bakı Moskva ilə Kiyev arasında uğurlu vasitəçi ola bilər.
Başqa bir məsələ ondan ibarətdir ki, Ankara ilə Bakı strateji müttəfiqdir. Türkiyə isə vasitəçi kimi kifayət qədər yol qət edib. Deməli, Türkiyə bu məsələdə təcrübəsini və indiyə kimi əldə olunmuş razılıqların detallarını Azərbaycanla da bölüşə bilər.
Üçüncü bir tərəfdən, Şərqi Avropadakı müharibə faktiki olaraq dalana dirənib. Həm Ukraynaya, həm də Rusiyaya sülh lazımdır. Tərəflərin xüsusilə Moskvanın inandığı, etibar etdiyi aktor çox azdır. Onlardan biri də məhz Bakıdır.
Beləliklə, perspektivdə Azərbaycanın danışıqlara ev sahibliyi etməsi və vasitəçi qismində çıxış etməsi mümkündür.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi