Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK, YPG terrorçularına xəbərdarlıq edib.
O bu barədə “CNN Türk”-ə müsahibəsində deyib.
Nazir söyləyib ki, terrorçular Suriyanı tərk etməlidir.
O bildirib ki, terrorçular Suriya, İraq üçün təhdiddir.
Diplomatın sözlərinə görə, Türkiyə terrorçuların ərazini tərk etməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib: “Əgər terrorçular ölkəni tərk etməsələr, hərbi əməliyyata başlaya bilərik”.
Məlum olduğu kimi, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıq yaranıb. Bu reallıq Türkiyənin öz təhlükəsizliyi naminə terrorla mübarizəsini gücləndirməyə, habelə Suriya və İraqı terrorçulardan təmizləməyə şərait yaradır.
Rəsmi Ankara, yəqin ki, terrorla mübarizəsini gücləndirəcək. Bunun üçün Suriyanın yeni hakimiyyəti ilə münasibətlər yaradılacaq, konsensus əldə edilməsinə çalışılacaq. Həmçinin İran və Rusiya ilə də təmaslar intensivləşdiriləcək.
Türkiyə 2025- ci ildə terrorla mübarizədə ciddi nəticə əldə etmək üçün hərbi və diplomatik səylərini gücləndirəcək. Fidanın səsləndirdiyi fikirlər də məhz bu kontekstdən qiymətləndirilməlidir. Onun dediklərindən belə məlum olur ki, Ankara terror təhdidinə tamamilə son qoymaqda qətiyyətlidir.
Suriyadakı rejimlə koordinasiyalı fəaliyyət nəticə verməsə və terrorçular xoşluqla bölgəni tərk etməsələr onda Türkiyənin hərbi əməliyyatlara başlaması tamamilə real varianta çevriləcək və bundan çəkinilməyəcək. Odur ki, Türkiyə gələcəkdə Suriya və İraqda yeni, genişmiqyaslı əməliyyatlara başlaya bilər. Amma bunun tələsik qərar qəbul edilməyəcək: Ankara əvvəlcə həm Suriyanın yeni hakimiyyəti, həm də ABŞ, Rusiya və İran kimi aktorların “nəbzini yoxlayacaq”. Mümkün hərbi əməliyyatlar, yəqin ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonra başlayacaq.
Kənan Novruzov