Ankaradakı diplomatik mənbələrdən “RİA Novosti”yə bildirilib ki, Türkiyə Ukraynadakı müharibənin başa çatması üçün addımların intensivləşdirilməsinin tərəfdarıdır.
Qeyd olunub ki, Ankara müharibənin diplomatik yolla həllinə dəstəyini davam etdirir. Mənbə həmçinin sülhə nail olmaq üçün danışıqlar prosesinin vacibliyini vurğulayıb.
Bundan əvvəl Ankaradakı mənbə bildirib ki, Türkiyə hələ də İstanbulda Ukrayna üzrə danışıqların təşkili ilə bağlı tərəflərdən heç bir müraciət almayıb.
Məlum olduğu kimi, Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir. Hər iki tərəf yorulub. Həm Rusiyanın, həm də Ukraynanın imkanları getdikcə tükənir.
Buna baxmayaraq, Rusiya zaman- zaman yeni ərazilər işğal edir. Bu, Rusiyanın ən azı taktiki üstünlüyünü qorumasına kömək edir.
2025- ci savaş üçün həlledici ola bilər. Belə ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonra rəsmi Vaşinqtonun Kiyevə dəstəyi azaldacağı gözlənilir. Bu, perspektivdə Ukraynanı Rusiyanın şərtləri altında danışıqlara məcbur edə bilər. Bunu Zelenski də başa düşür.
İndi rəsmi Kiyev mümkün danışıqlara qədər “əlini gücləndirməyə” çalışır. Ukrayna bəzi ərazilərini azad etməyə, yaxud Rusiyanın hansısa ərazilərində nəzarəti təmin etməyə çalışacaq. Bunun üçün ABŞ və Avropa İttifaqının ayırdığı yardımlardan istifadə olunur.
Qarşıdakı dövrdə Ukraynanın ciddi həmlələrinin şahidi ola bilərik.
Türkiyənin mövqeyinə gəldikdə isə bildirməliyik ki, bu dövlət müharibənin ilk günündən bəri danışıqların başlanması üçün səmimi səylər göstərir. Bu, təsadüfi deyil. Birincisi, ona görə ki, Ankaranın hər iki tərəflə normal münasibətləri var. Ona görə də perspektivdə seçim qarşısında qalmaq istəmir.
İkincisi, Türkiyə NATO üzvü olsa da Rusiya ilə münasibətləri qoruyur. Ankara Alyansın Moskvaya qarşı “səlib yürüşünə” qoşulmur.
Türkiyə Qərb dövlətlərinin Şərqi Avropada qurmaq istədikləri oyuna qarşı çıxır, öz mövqeyini ortaya qoyur.
Diplomatik mənbənin dediklərinə gəldikdə: açıqlamada diqqət çəkən bir neçə məqam var. Birincisi, görünən odur ki, Türkiyə sülhün əldə olunması və bunun üçün danışıqların başlanmasına tələsir. Yəqin ki, vəziyyətin kritik olduğunu və gələcəkdə daha da gərginləşə biləcəyini, Rusiya- NATO birbaşa savaşının başlaya biləcəyini anlayır.
İkincisi, Türkiyə hazırkı səylərinin kifayət etmədiyini görür və özünün prosesdəki rolunu artırmağa çalışır.
Məsələ burasəndadır ki, ABŞ- da Trampın hakimiyyətə gəlməsi Türkiyənin sülhə nail olmaq cəhdlərinə kömək edə bilər. Çünki Cozef Bayden hakimiyyəti Ukraynanı müntəzəm silahlandıraraq döyüşlərin davam etməsinə şərait yaradır, danışıqlara mane olur. Tramp isə andiçməsindən sonra, çox güman, Kiyevə dəstəyi azaldacaq. Bundan sonra Ukraynanın Rusiyanın şərtləri ilə danışıqlar masasına oturması mümkündür. Çox güman, ehtimal olunan bu ssenari də Türkiyənin maraqlarına uyğun deyil. İstisna deyil ki, Ankara həm Moskvanın, həm də Kiyevin maraqlarının təmin olunmasına çalışır. Ona görə də proseslərdəki iştirak rolunu artırmağa çalışır.
Bu baxımdan Türkiyə gələcəkdə həm Rusiya və Ukrayna, həm də Tramp hakimiyyəti ilə təmasları gücləndirərək proseslərin mərkəzində olmaq istəyə bilər.
Kənan Novruzov