ABŞ Prezidenti Donald Tramp beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün Qrenlandiyaya sahib olmaları lazım olduğunu bildirib. O, bu məsələni həll etmək üçün Danimarkaya və ya başqa bir ölkəyə güvənə bilməyəcəklərini vurğulayıb.
Tramp ABŞ-nin Qrenlandiyadakı hərbi varlığını genişləndirmək istədiklərini qeyd edib: “Qrenlandiyaya ehtiyacımız var. Daha önəmlisi, beynəlxalq təhlükəsizlik üçün ona sahib olmalıyıq.” ifadəsini işlədən Tramp, Çin və Rusiya gəmilərinin bölgədə sərbəst hərəkət etməsindən narahat olduğunu bildirib. “Bu vəziyyətlə Danimarkanın və ya başqa birinin məşğul olmasını gözləmirik”, – deyə əlavə edib.
Qrenlandiyanın müasir dövrdə strateji əhəmiyyətinin böyük olduğunu bildirən Tramp Danimarka və Avropa İttifaqının (Aİ) bunu anlamalı olduğunu, əks halda izah edəcəklərini qeyd edib. O, Qrenlandiya ətrafındakı buzlu dəniz yollarının açıldığını və bu yolların ABŞ-ə Çinə və Rusiyaya birbaşa çıxış imkanı verdiyini vurğulayıb.
Tramp daxili təhlükəsizlik məsələsinə də toxunaraq, ABŞ daxilində cinayətkar qruplara qarşı aparılan mübarizədən danışıb. O, ədliyyə naziri Pam Bondi və Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patel tərəfindən görülən işləri yüksək qiymətləndirib. Xüsusilə Venesuela əsilli “Tren de Aragua” çətəsinin ölkədə zorakılıq hadisələrini artırdığını bildirən Tramp “Biz bu təhlükəni azaldırıq və bir çox cinayətkardan qurtuluruq” ifadəsini işlədib.
ABŞ məhkəmələrinin bu proseslərə mane olmaması lazım olduğunu vurğulayan Tramp son prezident seçkilərində bu mövzu ilə bağlı verdikləri vədlərin seçkidə qalib gəlmələrində böyük rol oynadığını qeyd edib.
Məlum olduğu kimi, Trampın xarici siyasətində ərazilərini genişləndirmək əsas istiqamətdir. Qrelandiya seçilən hədəflərdəndir. ABŞ Qrelandiyanı özünə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək. Bunun üçün xüsusilə iqtisadi təzyiq mexanizmlərindən istifadə olunması mümkündür.
Tramp öz hərəkətinə və iddialarına bəraət qazandırmağa çalışır. Onun ABŞ-nin Qrelandiyaya sahib olmasını beynəlxalq təhlükəsizliklə əlaqələndirməsi də buna misaldır.
Rəsmi Vaşinqton, yəqin ki, Qrelandiyanı əvvəlcə iqtisadi yolla özündən asılı vəziyyətə salmağa çalışacaq. Bunun üçün perspektivdə Qrelandiyaya investisiyaların qoyulması da mümkündür.
Yaxın gələcəkdə ABŞ-nin hərbi müdaxiləyə əl atacağını düşünmürəm. Bu, Vaşinqtonun özünü çətin vəziyyətdə qoya bilər. Buna baxmayaraq, Tramp aambisiyasından əl çəkməyəcək, səy və təzyiqlərini gücləndirəcək.
Kənan Novruzov