Tramp israr edir, Putinlə Zelenski isə…-Təhlil
“The New York Post” nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Rusiya- Ukrayna müharibəsinə son qoymaq üçün konkret planının olduğunu bir daha bəyan edib. O, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu mövzu ilə bağlı görüşlər təşkil etməyə çağırıb.
“Ümid edirəm tez olacaq. Ukraynadakı bu müharibə sadəcə dəhşətlidir. Mən bunu bitirmək istəyirəm” – deyə o qeyd edib.
Tramp hələ hakimiyyətə gəlməzdən müharibəni bitirmək iddiasında olduğunu deyib. Atılan addımlar onun qətiyyətli olduğunu göstərir. Vaşinqton savaşa son qoymaq üçün həm Moskva, həm də Kiyevlə işləyir.
Əvvəl də dediyimiz kimi, müharibənin bu il başa çatacağı gözləniləndir. Artıq həm Rusiya, həm də Ukrayna yorulub. Mümkün danışıqlar hər iki tərəf üçün maraqlı ola bilər. Sadəcə indi lazım olan ortaq məxrəci tapa bilməkdir.
Təbii ki, mümkün danışıqlarda və sülh sazişində hər iki tərəfin maraqlarının eyni dərəcədə təmin olunması mümkün deyil. Əlbəttə, bu, hər iki tərəfdən müəyyən güzəştlər tələb edəcək.
İndiki məqamda, yəqin ki, daha çox Ukrayna güzəştə getməli olacaq. Bunun bir neçə səbəbi var. Birincisi, savaş “dalana dirənsə də”, taktiki təşəbbüs Moskvanın əlindədir. İkincisi, Ukraynanın imkanları getdikcə azalır. Üçüncüsü, ABŞ-nin Rusiyaya nisbətən Ukraynaya təsir imkanları daha çoxdur. Dördüncüsü, ABŞ Rusiya ilə münasibətləri daha da mürəkkəbləşdirmək istəməz. Əksinə, Tramp, yəqin ki, Moskva ilə mövcud gərginlik səviyyəsini qismən azaltmağa çalışacaq.
Mümkün danışıqlarda Ukraynanın əsas “kozırı” Rusiyanın Kursk vilayətidir. Ukrayna mümkün danışıqlara qədər Kurskda möhkəmlənməyi bacarsa, ərazi mübadiləsi məsələsi gündəmə gələ bilər. Hərçənd bütün hallarda Ukraynanın işğal altındakı bütün torpaqlarını azad edəcəyi gözlənilmir.
Ümumiyyətlə, müharibənin nəticəsindən asılı olaraq tərəflərdən birində hakimiyyət dəyişikliyi məsələsi gündəmə gələ bilər. Əgər Kiyev ərazi güzəştinə getməli olsa, bu, Ukraynada olacaq. Əks halda isə Rusiya Prezidenti Vladimir Putinin reytinqi kəskin şəkildə aşağı düşəcək.
Hər iki tərəf mümkün riskləri real qiymətləndirir. Bu baxımdan həm Rusiya, həm də Ukrayna diqqətli, həssas davranır, “əlini gücləndirməyə” çalışır.
Trampın müharibəni bitirmək istiqamətində səyləri davam etdirəcək. O, həm Rusiyanı, həm də Ukraynanı fakt qarşısında qoymaq istəyir. Vaşinqton bu və ya digər formada hər iki tərəfə təzyiqləri artırmaqla onların mövqelərini yaxınlaşdırmaq istəyəcək. Bu prosesə müvafiq olaraq ABŞ-la Avropa İttifaqı (Aİ) arasında gərginliyin daha da artacağı gözləniləndir.
Onu da deyək ki, mümkün sülh danışıqlarından əvvək Zelenskinin hakimiyyətdən getməsi mümkündür. Məsələ burasındadır ki, müharibənin sonunda Ukrayna böyük ehtimalla ərazi güzəştinə getməli olacaq. Bu zaman xalq Zelenskini qəbul etməyəcək. Onu çox ağır cəza gözləyə bilər. Prezident bunu nəzərə alaraq savaş bitməzdən əvvəl hakimiyyətdən getməyə razı ola bilər.
Zelenskinin yerinə əsas namizədlər isə keçmiş prezident Pedro Paraşenko, Zelenski ofisinin keçmiş müşaviri Oleksey Aristoviç, sabiq baş qərargah və hazırda səfir vəzifəsini icra edən Valerı Zalujnıdır. Əlbəttə, Zelenski hakimiyyətdən getsə, tamamilə başqa adam da onun yerinə gələ bilər. Bu, tamamilə kimin Rusiya ilə danışıqlara və “qurban keçisi” olmağa hazır olmağından asılıdır.
Kənan Novruzov