Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefonla danışıb. Türkiyə lideri ölkəsinin prioritetinin öz sərhədləri xaricində sabitliyi qorumaq və mülki əhaliyə zərər verməmək olduğunu bildirib.
Türkiyə Prezidenti Suriyanın ərazi bütövlüyünün vacibliyini, bu mövzuda İraqla həmfikir olduqlarını qeyd edib.
O, PKK terror təşkilatı və onun qollarının qarşısını almaq üçün Türkiyənin bundan sonra da addımlar atacağını vurğulayıb.
Məlum olduğu kimi, Suriyada vəziyyət kifayət qədər ciddidir. Gərginliyin nə qədər davam edəcəyi bilinmir. Ancaq Bəşər Əsəd rejiminin devrilməsi gözləniləndir. Əvvəl də dediyimiz kimi, proseslərin inkişafı xeyli dərəcədə Türkiyə – Rusiya təmaslarının nəticəsindən asılıdır. Əgər Ankara ilə Moskva razılığa gələ bilsələr, “sular yaxın vaxtda durula bilər”. Əks halda gərginlik hələ davam edəcək.
Türkiyənin xarici siyasətində əsas istiqamətlərdən biri məhz öz təhlükəsizliyini təmin etməkdir. Rəsmi Ankara bunun üçün hər şey edəcək. Bu mənada əslində Türkiyənin Suriyaya hərbi müdaxiləsi də mümkündür. Hərçənd Türkiyə bunun üçün tələsməyəcək.
Onu da deyək ki, İranın xarici işlər naziri Abbas Araqçi dünən ölkəsinin Suriyaya qoşun göndərmək imkanını istisna etmədiyini söyləyib. Onun sözlərinə görə, Suriya İrandan bunu istəsə, rəsmi Tehran xahişi nəzərə ala bilər. İranın perspektivdə Suriyaya qoşun göndərməsi mövcud vəziyyəti daha da gərginləşdirə bilər. Hərçənd, yəqin ki, rəsmi Tehran ən azı yaxın gələcək üçün belə bir qərar qəbul etməyəcək. Bunun üçün əvvəlcə Rusiya və Türkiyə ilə diplomatik təmaslar aparılacaq.
Türkiyənin Suriyaya hərbi müdaxiləsi məsələsinə gəldikdə isə bildirməliyik ki, rəsmi Ankara hələ ki, diplomatik təmaslara üstünlük verəcək. Çünki Türkiyənin Suriyaya qoşun göndərməsi Rusiya ilə münasibətlərə təsir edə bilər. Ankara bunu nəzərə alacaq və tələsməyəcək.
Hazırda Türkiyənin əsas qayğısı Suriyadan mümkün köç dalğasının qarşısının alınması ilə bağlıdır. Yəqin ki, Rəsmi Ankara əvvəlcə bu məsələ istiqamətində çalışacaq.
Kənan Novruzov