Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Aycan Hacızadə “Report”a müsahibəsində Ermənistanla münasibətlər barədə də danışıb. O, bildirib ki, Ermənistan tərəfi təklif edir ki, hazırda razılaşdırılmış müddəalar saxlanılmaqla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın: “Ancaq bunun məqbul variant olmadığı Azərbaycan tərəfindən bir neçə dəfə bildirilib. İstənilən saziş layihəsi üzrə belə bir qayda var ki, hər şey razılaşdırılmadan heç nə razılaşdırılmış hesab olunmur. Layihə üzrə danışıqlar qapalıdır və təfərrüatları geniş ictimaiyyətə açıq deyil. Ancaq onu qeyd edə bilərik ki, layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80% razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Amma bu o demək deyil ki, Ermənistan tərəfin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir”.
Nazirlik rəsmisinin sözlərinə görə, saziş layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var: “Ümumiyyətlə isə saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz”.
Əvvəl də dediyimiz kimi, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq artıq regional əməkdaşlıq mühitinin təmin olunmasını, həmçinin Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur.
Rəsmi Bakı qalib tərəf olmasına baxmayaraq, İrəvana sülh təklif edən oyunçudur. Amma Ermənistan dörd ilə yaxındır ki, müxtəlif yollarla sülhdən yayınır. Hazırda sülhə mane olan iki əsas məqam var. Bunlardan birincisi Ermənistanın Azərbaycana qarşı davam edən və konstitusiyada əksini tapmış ərazi iddialarıdır. İkincisi isə Ermənistanın son vaxtlar intensivləşən hərbi təxribatlarıdır.
Aydındır ki, Ermənistan hakimiyyəti öz iradəsi ilə hərəkət etmir. Rəsmi İrəvanın hazırkı destruktiv mövqeyinin arxasında həm də Qərbin, xüsusilə ABŞ və Fransanın bölgə və Ermənistanla bağlı maraqları dayanır. Belə ki, adı çəkilən Qərb dövlətləri özlərinin regiondakı təsir imkanlarını qorumaq məqsədilə təsir göstərə bildikləri oyunçudan- Ermənistandan istifadə edirlər. Taktika sadədir: Ermənistan əvvəlcə silahlandırılaraq şirnikləndirilir, sonra isə dağıdıcı xarakterli fəaliyyətə sövq edilir.
Digər tərəfdən rəsmi İrəvan hələ ki, konstitusiyasını dəyişənə oxşamır. Ermənistan bunun üçün 2027-ci ildə müvafiq addımın atılacağını bildirib.
Rəsmi Bakının mövqeyi isə konkretdir: Ermənistan konstitusiyasına müvafiqi dəyişikliyi etmədikcə sülh olmayacaq.
Əslində hazırda sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib və tamamilə müstəqil xarici siyasət kursuna malikdir. Ermənistan isə keçmiş ağası Rusiya ilə, hazırkı havadarı Fransa arasında qalıb. Ermənistan bu gün faktiki olaraq iki tərəf arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilməsi istisna deyil. Belə bir vaxtda rəsmi İrəvanın yeni təhlükəsizlik çətirinə ehtiyacı var. Bunun üçün ən yaxşı variant Bakı və Ankara ilə münasibətlərin normallaşmasıdır.
Sülh sazişi mətninin 80 faizinin hazır olması məsələsinə gəldikdə isə bildirməliyik ki, bu, öz-özlüyündə müsbət haldır. Amma kifayət deyil. Hətta sülh sazişi mətni 99 faiz hazır olsa da, bu, sülh sazişinin sabah imzalanacağı kimi başa düşülməməlidir. Eyni zamanda sülh sazişi mətni bütövlükdə, yəni 100 faiz hazır olsa belə, bu o demək deyil ki, sülh sazişi imzalanacaq.
Sülh üçün Azərbaycan, demək olar, hər şey edib. İndi növbə Ermənistandadır.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı
- Anasayfa
- »
- Ermenistan
- »
- Kənan Novruzov: Sülh sazişi mətni tam hazır olsa da, müqavilə imzalanmayacaq
Kənan Novruzov: Sülh sazişi mətni tam hazır olsa da, müqavilə imzalanmayacaq
20 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.