Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya Silahlı Qüvvələrinin komandirləri artıq dilemma qarşısında qalıblar. Onların fikrincə, komandirlər bundan sonra ya Rusiyanın sərhədlərinin müdafiəsinə, ya da Ukraynadakı mövqelərinin gücləndirilməsinə diqqət yetirməlidirlər.
Həm Belqorod vilayətindəki hərbi əməliyyatlar, həm də Moskvaya PUA hücumu onu deməyə əsas verir ki, artıq müharibə Rusiya ərazisinə keçib. Əvvəllər də dediyimiz kimi, bu, gözlənilən idi. Çox güman, Rusiya ərazisində oxşar hadisələr təkrarlanacaq.
Rusiyada hərəkətlənmənin haradan idarə olunduğu müzakirə edilir. Bəzi ekspertlər bu hücumları Ukraynanın əks-hücum əməliyyatları kontekstindən qiymətləndirirlər. Bir çoxu düşünür ki, Rusiya daxilində çaxnaşmanı ABŞ yaradır. Məqsəd isə tərəflər arasında danışıqlar perspektivini sıfıra endirməkdir.
Həmçinin Rusiyanın qəsdən bu cür aktlar törətdiyini və Ukraynaya qarşı daha böyük hücumlara hazırlaşdığını iddia edənlər var. Onlar düşünür ki, Rusiya bu yolla həm də daxildə səfərbərliyi təmin etməyə çalışır.
Prinsipcə bu versiyalardan hər biri mümkündür.
Rusiya ərazisinə hücumların arxasında hansı səbəbin dayanmasından asılı olmayaraq, Britaniya kəşfiyyatının iddiasında həqiqət var. Rusiya hakimiyyəti istər-istəməz sərhədlərin gücləndirilməsinə diqqəti artırmalıdır. Çünki hücumların təkrarlanması xalqın narazılığına, həmçinin hakimiyyət əleyhinə etirazlara səbəb ola bilər. Kreml bu riskləri nəzərə almamış deyil. Odur ki, fikrimcə, rəsmi Moskva oxşar hücumların təkrarlanmamasına çalışacaq. Bu isə Rusiyanın diqqətinin Ukraynadan yayınması ilə nəticələnə bilər. Beləliklə, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı mövqelərindən geri çəkilməsi və ya Ukraynadakı rus hərbi birləşmələrinin tədricən zəifləməsi istisna deyil.
İndiyədək Rusiyanın prioriteti Ukraynadakı “xüsusi hərbi əməliyyatı” mümkün qədər tez başa çatdırmaq idi. Artıq bu, arxa plana keçə bilər. Rusiyaya ərazisinə hücumlar davam edərsə, Kremlin qabaqcıl vəzifəsi təhlükəsizliyin gücləndirilməsi olacaq. Bu isə Ukrayna müdafiə qüvvələrinə daha effektiv əks- hücum əməliyyatlarına şərait yaradacaq.
Düşünürəm ki, Ukrayna düzgün taktika seçib. Rusiya ağrını öz daxilində hiss etməlidir ki, reallığı anlasın.
Kənan Novruzov