Kənan Novruzov: Rusiyadan Vaşinqtona “arxadan zərbə”
Tramp Maskla arasındakı “centlmen sövdələşməsini” pozdu?- Rusiyadan Vaşinqtona “arxadan zərbə”
ABŞ prezidenti Donald Trampla açıq mübahisədən sonra Rusiya rəsmiləri İlon Maska siyasi sığınacaq təklif ediblər. Bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov TASS-a açıqlama verib.
Novikov bildirib ki, Maska siyasi sığınacaq lazım olmayacaq: “Düşünürəm ki, Mask tamamilə başqa oyun oynayır və heç bir siyasi sığınacağa ehtiyac duymayacaq. Amma ehtiyac olsa, Rusiya əlbəttə ki, ona belə bir imkan verə bilər.”
Məlum olduğu kimi, son zamanlar tərəflər arasında “soyuq küləklər” əsir. Fikrimcə, bu, əhəmiyyətsiz məsələ deyil. Əksinə, kifayət qədər ciddidir. Bu, Trampın daxili və xarici siyasət kursu ilə bağlı ola bilər. Mask prezident seçkiləri ərəfəsində Trampa dəstək olub. Hətta belə fikir yaranmışdı ki, guya ABŞ-ni Mask idarə edir. Onun oğlunun Ağ Evə gedib, Trampın yerində oturması da bunun nümunəsi kimi qiymətləndirilirdi. Ola bilsin, Tramp Maska verdiyi hansısa vədləri yerinə yetirməyib. Bəlkə, Trampın Rusiya, Avropa, Çinlə bağlı siyasəti Maskı qane etmir. Düşünürəm ki, gərginlik artacaq. Bunun fonunda Maskın yeni partiya yaratmaq Trampa təzyiq vasitəsidir. Sahibkar prezidentin reputasiyasına zərbə vurmağa dəvəm edəcək.
Belə bir vaxtda Rusiyanın Maska siyasi sığınacaq təklif etməsi diqqət çəkir.
Maraqlıdır ki, Trampla Maskın münasibətləri ABŞ-nin Rusiyaya qarşı münasibətini sərtəşdirdiyi vaxta təsadüf etdi.
Bəlkə də, prezidentlə sahibkar arasında münasibətlərin pozulması elə bu məqamla bağlıdır. Nəzərə almaq lazımdır ki, Mask Rusiyaya qarşı loyaldır. Məsələn, “Wall Street Journal” hələ 2024-cü ildə yazmışdı ki, Mask 2022-ci ildən etibarən Rusiya prezidenti Vladimir Putinlə müntəzəm əlaqə saxlayır.
Bundan başqa, Putin 2024-cü ildə amerikalı jurnalist Taker Karerə müsahibəsində Maskın ağıllı olduğunu demişdi.
Əlbəttə, tərəflər arasında münasibətlər ictimaiyyətə açıqlanandan daha ciddi də ola bilər,
Bir məqama diqqət çəkək: Çoxlarına sir deyil ki, Trampın seçki kampaniyasında və onun hakimiyyətə gəlməsində Maskın xüsusi rolu olub. Hakimiyyət dəyişikliyindən sonra ABŞ Rusiya ilə bağlı ənənəvi siyasətini qismən dəyişdi. Bir çoxu bunu maraqla və təəccüblədi. Bu, Maskın xahişi və ya tapşırğı ola bilərdi. İndi Trampın “centlmen razılaşmasını” pozması sahibkarın narazılığına səbəb ola bilər.
Rusiyanın Maska siyasi sığınacaq təklif etməsi məsələsinə gəldikdə isə bildirmək lazımdır ki, hələlik buna ehtiyac olmaya bilər. Amma rəsmi Moskvanın tələm- tələsik belə bir bəyanat verməsi, yəqin ki, daha çox Vaşinqtona mesajdır.
Düşünmək olar ki, Maskla Tramp arasında münasibətlər bir müddət gərgin olaraq qalacaq. Və bu, ABŞ- Rusiya münasibətlərinə də təsir edəcək.
Tramp Si Cinpinlə danışdı: İqtisadi müharibə hara qədər davam edəcək?
İyunun 5-də ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında telefon danışığı olub. Liderlər tarif sazişini və digər ticarət məsələlərini müzakirə ediblər.
Telefon danışığından sonra Tramp bildirib ki, ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə etmək üçün görüş keçirəcəklər.
“Qarşıdan gələn görüşün qrafiki və yeri barədə mətbuata məlumat verəcəyik”, – o vurğulayıb.
ABŞ lideri bildirib ki, onun Si Cinpinlə söhbəti demək olar yalnız ticarətlə bağlı olub, Ukrayna və İran məsələləri müzakirə olunmayıb.
O, söhbətin təxminən bir saat yarım davam etdiyini qeyd edib və bunu çox müsbət adlandırıb.
Məlumata görə, S.Cinpin telefon danışığı zamanı rəsmi Vaşinqtonu ölkəsinə qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Məlum olduğu kimi, tərəflər arasında rəqabət uzun illərdir davam edir. ABŞ və Çin həmişə rəqib olublar. ABŞ-də Donald Tramp hakimiyyətinin ikinci dövrü başlayandan sonra isə qarşı tərəflə gərginlik yeni mərhələyə qədəm qoyub.
Ağ Evin üç əsas rəqibi var: Çin, Rusiya və İran. Adı çəkilən üç dövlət ABŞ-nin dünya ağasına çevrilməsinə mane olur. İndi Tramp məsələyə praqmatik yanaşır. Belə ki, o, başa düşür ki, Çini zəiflətməklə avtomatik olaraq Rusiya və İranı da idarəolunan duruma sala biləcək. Beləliklə, şərq bloku sıradan çıxa bilər.
Başqa bir diqqətçəkən məqam odur ki, Vaşinqton son zamanlar Moskva ilə münasibətləri kəskinləşdirməməyə çalışır. Həmçinin Tehranla münasibətlər də məhdud səviyyəyə qədər gərgindir. Ola bilsin, Tramp bunu Pekinin təklənməsi üçün edir.
ABŞ-nin Çinlə hərbi toqquşmaya girməsi ağlabatan deyil. Doğrudur, Tayvan “kartından” istifadə edilməyə davam olunacaq. Amma bu, heç bir halda hərbi toqquşmaya çevrilməyəcək. Belə bir ssenari nə Vaşinqtona, nə Pekinə, nə də planetə sərf edir.
Odur ki, ABŞ Çini iqtisadi yolla zəiflətmək siyasətini davam etdirəcək. Və bu, əlbəttə, həm əks reaksiya ilə qarşılanacaq. ABŞ və Çin dünya bazarında bir- birilərini zəiflətməyə davam edəcəklər. Bu, özünü həm də ucuz qiymətə yeni məhsualların dünya bazarına daxil olmasında göstərəcək. Tərəflər bir- birilərinin bazarını “öldürməklə” əslində iqtisadi dinamikanı sürətləndirmiş ola bilərlər.
Buna baxmayaraq, tərəflər arasında davam edən iqtisadi müharibə kifayət qədər təhlükəlidir. Ona görə də hər iki tərəf bu məsələyə həssaslıqla yanaşır. Təsadüfi deyil ki, liderlərin telefon danışığında ticarət razılaşması əsas yer tutub.
Düşünürəm ki, Pekin və Vaşinqton ticarət razılaşmasına gəlməyi və gərginliyin azalmasına nail olmağı baracaqlar.
Kənan Novruzov
Share this content:
Yorum gönder