Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.
Sənədlə Moskva ilə Tehran arasındakı münasibətlər yeni səviyyəyə çatacaq. Həmçinin müqavilə hər iki ölkənin strateji tərəfdaş statusunu təmin edir.
Eyni zamanda saziş uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.
İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
İndiki həssas məqamda hər iki tərəfin qarşılıqlı şəkildə əlaqələri gücləndirməyə ehtiyacı var. Bu baxımdan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi hər iki tərəf üçün mühüm əhəmiyyətlidir.
Məsələ burasındadır ki, indi həm Moskva, həm də Tehran çətin vəziyyətdədir. Qərb dövlətləri hər iki oyunçuya təsir edir, onların müxtəlif regionlardakı imkanlarını zəiflədir.
Bu, Rusiya və İranın güclərini birləşdirməsini hər iki tərəf üçün zəruri edir.
İmzalanan sazişdə ən diqqətçəkən məqamlardan biri, sözsüz ki, müdafiə və terrorla mübarizə ilə bağlıdır. Bu, o deməkdir ki, Ukrayna ilə müharibədə İranın Rusiyaya dəstəyi artacaq. Bu, özünü xüsusilə “Şahed” PUA-larının tədarükünün artırılmasında göstərə bilər.
Həmçinin indiyə qədər müəyyən qədər gizli göstərilən dəstək artıq qanuniləşəcək. Başqa sözlə desək, İranın Şərqi Avropadakl müharibədəki iştirakı leqallaşacaq.
Bunun əvəzində Rusiya da İrana kömək edəcək. Nəzərə almaq lazımdır ki, İranın Yaxın Şərqdəki mövqeləri getdikcə zəifləyir. İsrail- İran birbaşa müharibə ehtimalı getdikcə artır. Belə bir vəziyyətdə Moskva Tehrana dəstək olacaq.
Tərəflər arasında sözügedən sənədin imzalanması ABŞ – də hakimiyyət dəyişikliyi ərəfəsində baş verdi. Fikrimizcə, bu, təsadüfi deyil. Belə ki, Respublikaçıların lideri Donald Tramp hakimiyyətə gələndən sonra Vaşinqtonun həm Moskva, həm də Tehrana münasibəti dəyişəcək.
Yeni hakimiyyət Moskvaya qarşı daha loyal olsa da, Tehrana qarşı münasibəti sərtləşdirəcək. Bu, özünü xüsusilə sansiyaların gücləndirilməsində göstərəcək. Unutmaq lazım deyil ki, Respublikaçılar və şəxsən Tramp İranın ən böyük düşmənidir.
Tehran perspektivdə nələr ola biləcəyini anlayır. Ona görə də indidən Rusiya ilə münasibətləri gücləndirir, preventiv addım atır.
Əslində sözügedən saziş həm də dünyadakı qütbləşmənim təzahürüdür.
Qərb iki ölkə arasındakı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini yaxşı qarşılamayacaq və hər iki tərəfə təzyiqi artıracaq.
Kənan Novruzov