Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasnın yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Bu barədə rəsmi hüquq-informasiya portalında məlumat yerləşdirilib.
Yenilənmiş nüvə doktrinasına əsasən, nüvə silahından istifadə qərarı Rusiya Federasiyasının Prezidenti tərəfindən verilir.
Doktrinaya əsasən, hərbi bloka daxil olan hər hansı ölkənin Rusiya Federasiyasına qarşı təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.
“Nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı təcavüzü birgə hücum kimi qiymətləndiriləcək.
Rusiya Federasiyasının nüvə silahından istifadə etməyə hazır olması və qətiyyəti nüvə çəkindirməsini təmin edəcək.
Rusiya Federasiyası özünün və Belarusun suverenliyinə və ərazi bütövlüyünə kritik təhlükə yarandığı halda nüvə silahından istifadə edə bilər.
Yenilənmiş nüvə doktrinası nüvə çəkindirməsinin aparıldığı düşməni müəyyən edir.
Nüvə silahından istifadə şərtləri arasında Rusiyaya qarşı ballistik raketlərin buraxılması da yer alıb.
“Rusiya Federasiyasına qarşı təcavüz üçün ərazi və resursların verilməsi belə bir dövlətə münasibətdə nüvə çəkindirməsi üçün əsasdır”, – Rusiyanın yenilənmiş nüvə doktrinasının əsas müddəaları sırasında yer alıb.
Öncə onu deyək ki, indiki məqamda yenilənmiş nüvə doktrinasının təsdiqlənməsi təsadüfi deyil. Bu, Ağ Evin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verməsindən sonrakı günlərə uyğun gəlir. Deməli, iki məsələ bir – biri ilə bağlıdır. Yəni, Kremlin yenilənmiş nüvə doktrinasını təsdiqləməsi, şübhəsiz ki, Ağ Evin qeyd etdiyimiz qərarına cavabdır.
Yenilənmiş nüvə doktrinasında diqqət çəkən bir neçə məqam var. Birincisi, ona aydınlıq gətirək ki, “hərbi blok” deyəndə, sözsüz ki, NATO nəzərdə tutulur.
ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmasına icazə verməsi Vaşinqtonun savaşdakı iştirak dərəcəsini artırır. Belə olan halda Rusiyanın birbaşa ABŞ- a cavab verəcəyi inandırıcı görünmür. Buna Moskvanın cəsarəti çatmaz. Amma, çox güman, ABŞ-nin müdaxiləsinə cavab olaraq Rusiya digər – daha zəif Alyans ölkələrinə zərbə endirmək barədə düşünür. Bu baxımdan Baltikyanı ölkələr üçün risk daha çoxdur. İstisna deyil ki, yaxın günlərdə Baltikyanı ölkələr özlərinin təhlükəsizlik və müdafiə qabiliyyətini artırmaq barədə məlumat yayacaqlar.
İkinci bir tərəfdən, yenilənmiş nüvə doktrinasında Belarusun adının xüsusi çəkilməsi də diqqət çəkir. Belə nəticəyə gəlmək olar ki, Moskva və Minsk bundan sonra da ümumi təhdidlərə qarşı birgə mübarizə aparacaq.
Nəhayət, yenilənmiş nüvə doktrinası Rusiyanın nüvə silahından istifadən etməsi ehtimalını artırır.
Ümumilikdə demək olar ki, yenilənmiş nüvə doktrinası Rusiyanın Avropa ölkələrinə hücum etməsi və nüvə silahını tətbiq etməsinə zəmin yaratmaq cəhdidir.
Kənan Novruzov