ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz. Qeyd olunub ki, bu barədə Valday Klubunun İnkişafı və Dəstəyi üzrə Rusiya Fondunun sədri Andrey Bıstritski bəyan edib: “Onun sözlərinə görə, bu, xüsusilə, Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır”.
Rusiya rəsmiləri və müstəqil analitikləri ikitərəfli münasibətlərin pisləşməsinə görə, Ermənistana təzyiqləri davam etdirirlər: “Kreml rəsmiləri Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə bağlı getdikcə daha çox tənqidi bəyanatlar verirlər”.
Məlum olduğu kimi, son zamanlar ikitərəfli münasibətlər pisləşməkdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil.
ABŞ Ermənistan üçün niyə Rusiyanı əvəz edə bilməz? Əvvəlcə bunu izah etməyə çalışaq. Məsələ orasındadır ki, bu gün rəsmi İrəvana Moskvanın təsir imkanı ABŞ və Avropa İttifaqının təsir imkanlarından daha çoxdur. Birincisi, Ermənistanla Qərb arasında münasibətlər yalnız son illərdə güclənib. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələnə kimi Ermənistanın Rusiya ilə əlaqələri daha dərin idi. Bu mənada Ermənistan- Rusiya əlaqələri əslində tarixi səciyyə daşıyır. Bu gün Paşinyan hakimiyyəti hər nə qədər Kremldən uzaqlaşmağa çalışsa da, bu, asan məsələ deyil. Paşinyanın tarixi bağları aradan qaldırması üçün vaxt lazımdır.
İkincisi, Ermənistan və Rusiya qonşudurlar. ABŞ, Fransa kimi aktorlar isə çox uzaqdadır. Bu məsələ ikitərəfli münasibətlərdə mühüm rol oynayır.
Üçüncüsü, Rusiya ilə Ermənistan arasında ciddi iqtisadi əlaqələr var. Ermənistanın iqtisadiyyatının xeyli hissəsi, demək olar, Rusiyanın əlindədir. Siyasi müstəvidə müşahidə olunan gərginliyin iqtisadi əlaqələrə təsiri rəsmi İrəvan ağır nəticələrə səbəb ola bilər.
Dördüncü bir tərəfdən, Ermənistanda Rusiyanın siyasi təzyiq vasitəsi kifayət qədərdir. Kreml Ermənistan daxilindəki özünə bağlı qüvvələr vasitəsilə mövcud iqtidara təsir edə bilər.
Mühüm amillərdən biri də Ermənistanda Rusiya hərbi bazasının mövcud olmasıdır. Bu, Moskvanın İrəvan üzərindəki hərbi təzyiq vasitəsidir.
Beləliklə, hazırkı situasiyada Ermənistan Rusiya ilə münasibətləri nəzərə almalıdır. Rusiya ilə münasibətlərin nəticəsi Ermənistan üçün Qərblə əlaqələrdən daha vacibdir.
İrəvan Moskva ilə münasibətləri pisləşdirməklə ikinci ilə iqtisadi və qonşuluq əlaqələrinə zərbə vurmaqla yanaşı, həm də özünü təhlükə altına atmış olur.
Azərbaycan ordusu hərəkətə keçə bilər: Ermənistan niyə sərhədə qoşun yığır?- ŞƏRH
Azərbaycan Müdafiə Nazirliyinin martın 31- də yaydığı məlumatda bildirib ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Qeyd olunub ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Nazirlik, həmçinin qarşı tərəfə xəbərdarlıq edib: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır”.
Bildirilib ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək.
Əslində vəziyyətin gərginləşəcəyi gözlənilən idi. Çünki son vaxtlar Qərbin, o cümlədən ABŞ və Avropa İttifaqının Ermənistana təsirləri artıb. Bunun ən bariz nümunəsi kimi aprelin 5- də ABŞ, Aİ və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşü göstərmək olar. Brüssel və Vaşinqton hər nə qədər neytral olduqlarını desələr də, faktiki olaraq özlərinin regional maraqları üçün İrəvandan istifadə edirlər. Bu da son nəticədə bölgədə “suları bulandırır”, sülh gündəliyinə zərbə vurur.
Ermənistanın sərhədə qoşun yığması və durumu bilərəkdən gərginləşdirməsi ilə bağlı ehtimal olunan üç əsas versiya var. Bunlardan birincisi odur ki, İrəvan üçüncü güclərin təsiri altındadır. Öz iradəsi ilə yox, havadarlarının iradəsi ilə addım atır. Regionda qalmaq istəyən güclər sülh prosesinin yaxınlaşmaqda olduğunu görüb bütün imkanları ilə buna mane olmaq istəyirlər.
İkincisi, mümkündür ki, daxildəki revanşistlər yenidən ayağa qalxıblar və sülh quruculuğu prosesinə zərbə vurmaq istəyirlər. Əgər belədirsə, Rusiyanın da bu və ya digər formada daxildəki müxalif güclərə dəstək verməsi mümkündür. Ola bilsin, rəsmi Moskva bu yolla perspektivdə rəsmi İrəvanı cəzalandırmaq istəyir. Çünki son vaxtlar Rusiya ilə Ermənistan arasında gərginlik artır.
Üçüncüsü, istisna deyil ki, Ermənistan baş naziri Nikol Paşinyan bunu bilərəkdən edir. Məlum olduğu kimi, sülh prosesi üçün zəruri olan bir neçə məqam var. Bunlar sırasında işğal altındakı 8 kəndin Azərbaycana qaytarılması, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən mövcud konstitusiyasının dəyişdirilməsi əsas tələblərdəndir. Ola bilsin, Paşinyan hakimiyyəti anlayır ki, bunlar birdən – birə olarsa, daxildə mövcud iqtidara qarşı narazılıq artar. Odur ki, o, bilərəkdən gərginlik yaratmaq və itkilər verməklə göstərmək istəyir ki, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa yolu yoxdur.
Yuxarıdakı ehtimalların hər biri mümkündür. Həmçinin mövcud vəziyyətə təsir edə biləcək başqa səbəblər də ola bilər. Amma səbəbin nə olduğu Bakı üçün o qədər də əhəmiyyətli deyil. İrəvana konkret xəbərdarlıq edilib: istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Beləliklə, bundan sonrasını Ermənistan düşünməlidir. Belə davam edərsə, sabotaj cəhdləri olarsa, yaxın vaxtda yəni əməliyyatların başlanması istisna deyil.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi