Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib. “Bilirsiniz ki, Rusiya Prezidenti sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib”, – D.Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının bu il Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləmək niyyətində olması barədə məlumatı şərh edərkən bildirib.
Rəsmi Moskva bundan əvvəl dəfələrlə Kiyevlə danışıqlara hazır olduğunu bildirib. Ancaq Rusiya bunun üçün öz şərtlərini irəli sürür. Ukrayna isə Rusiyanın şərtləri ilə razılaşmır.
Ukraynanın bu mövqeyində, sözsüz ki, ABŞ-dakı Cozef Bayden administrasiyasının da mühüm rolu var. Belə ki, savaşın uzanmasını və beləliklə, Rusiyanın zəifləyib, idarə olunan hala gətirilməsini istəyən rəsmi Vaşinqton Ukraynaya sadəcə müqavimət məqsədli silah göndərərək onu döyüşlərə davam etdirməyə sövq edir.
Ukrayna indi faktiki olaraq Qərbdən asılı vəziyyətədir. Ukrayna Qərbdən icazəsiz danışıqlara başlamaq niyyətində olsa onda ABŞ onu dəstəyi tamamilə dayandırmaqla təhdid edəcək.
Əvvəl də dediyimiz kimi, ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirməsində icazə verməsindən və Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləməsindən sonra müharibədə yeni mərhələ başlayıb. Bu, danışıqlar imkanını daha da azaltmaqla yanaşı, həm də mövcud gərginlik səviyyəsini artırır.
İndi müharibənin gedişatı xeyli dərəcədə ABŞ-nin yeni prezidenti Donald Trampın siyasətindən asılıdır. Maraqlıdır andiçmə mərasimindən sonra ABŞ-nin Ukraynaya münasibəti necə dəyişəcək? Vaşinqtonun Kiyevə dəstəyi azaldacağı gözlənilir. Rusiyanın mövqeyi də onu deməyə əsas verir ki, rəsmi Moskva ABŞ-dakı seçkilərin nəticəsindən məmnundur.
Perspektivdə ABŞ dəstəyi azaldar və ya tamamilə dayandırarsa, bu, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər. Mümkün danışıqlarla bağlı isə iki versiya mümkündür: ya Tramp hakimiyyətinin ilk vaxtlarından Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara razı salacaq ya da məcbur edəcək.
Əlbəttə, Rusiyanın da imkanları getdikcə tükənir. Ona görə də danışıqlara açıqdır. Ancaq səbəb budur ki, rəsmi Moskva təşəbbüsün öz əlində olduğunu bilir, ona görə də “oyun qaydalarını” diktə etməyə çalışır. Rusiyanın ən azı yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir.
Kənan Novruzov