ABŞ Dövlət Departamentinin “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında qeyd olunub ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh müqaviləsinin bağlanması üçün iki ölkə ilə istənilən formatda qarşılıqlı fəaliyyətə hazırdır.
“ABŞ hökuməti Ermənistan və Azərbaycanın təhlükəsiz və firavan Cənubi Qafqaz üçün vacib olan uzunmüddətli və layiqli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılaşa biləcəyi, irəliləyişin əldə olunağı istənilən formatda işləməyə hazırıq” – ABŞ-nin xarici siyasət idarəsindən bildirilib.
Rəsmi Vaşinqton əvvəllər də oxşar bəyanatlarla çıxış edib. ABŞ özünü danışıqlar prosesinin əsas iştirakçısı və moderatoru kimi təqdim etmək istəyir.
Ümumiyyətlə, hazırda vasitəçilik iddiasında olan bir çox aktor var. Onların əsas ikisi ABŞ və Rusiyadır. Digər ölkələr kimi, Vaşinqton və Moskva da məsələyə öz maraqları kontekstindən yanaşır. Bu mənada Azərbaycan, sözsüz ki, diqqətli olmalı, kənar güclərin vasitəçilik imkanlarından istifadə etməklə yanaşı, həm də onların təsir imkanının minimum olmasına çalışmalıdır.
Konkret olaraq ABŞ-a gəldikdə isə, demək lazımdır ki, bu dövlət təxminən otuz il ərzində ATƏT- in Minsk Qrupunun həmsədri kimi proseslərin birbaşa iştirakçısı olub. Amma heç bir ciddi addım atmayıb. Həmin dövrdə Vaşinqtonun fəaliyyəti yalnız turistik səfərlərlə kifayətlənib.
Doğrudur ki, artıq “oyun qaydalaları” dəyişib. İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra regionda yeni reallıq yaranıb. Bu yeni reallıqlar rəsmi Bakının mövqeyini gücləndirib.
Xüsusilə son illər Azərbaycanın həm beynəlxalq aləmdə, həm də regionda nüfuzu artıb. Bu, bir çox oyunçu kimi Vaşinqtonu da Bakı ilə hesablaşmağa məcbur edir.
Bununla belə, ABŞ-nin Cənubi Qafqazla bağlı konkret maraqları var. Bu maraqlar onun regiondakı təsir imkanlarını artırmağı tələb edir. Bu isə mümkün davamlı sülh idealı ilə üst-üstə düşmür. Nəzərə almaq lazımdır ki, istənilən regiondankənar oyunçu, o cümlədən ABŞ ancaq gərginlik vasitəsilə bölgədə ola bilər.
ABŞ zaman- zaman Ermənistana təzyiq etməyə çalışır. Bunun ən bariz nümunəsi kimi Vaşinqtonla İrəvan arasında güclənən hərbi əməkdaşlığı göstərmək olar. ABŞ bu yolla Ermənistanı Rusiyadan uzaqlaşdırmağa və öz “ev tapşırıqlarını” verməyə çalışır.
Yuxarıdakı məqamları nəzərə alsaq deməliyik ki, ABŞ mümkün qədər çalışır ki, sülhün imzalanması geciksin. Vaşinqton Bakının qətiyyəti sayəsində sülhün qaçılmaz olduğunu anlasa, onda “B variantı” kimi sazişin öz vasitəçiliyi ilə imzalanmasına çalışacaq. Elə buna görə də ABŞ öz vasitəçiliyini gündəmdə saxlamağa çalışır.
Dövlət Departamentinin açıqlamasına gəldikdə isə bildirməliyik ki, “biz hər iki tərəflə onların razılaşa biləcəyi, irəliləyişin əldə olunağı istənilən formatda işləməyə hazırıq” cümləsi diqqət çəkir.
Rəsmi Bakının sülhlə bağlı mövqeyi məlumdur. Əsas şərt Ermənistanın konstitusiyasını dəyişməli, Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi, habelə təxribatçı addımlardan çəkinməsidir. Əgər ABŞ, həqiqətən, sülh istəyirsə, bunun üçün Ermənistana təzyiq göstərməlidir.
Verilən bəyanatdan isə belə nəticəyə gəlmək olar ki, ABŞ Ermənistanın da maraqlarının təmin olunmasına, başqa sözlə, Azərbaycanın hansısa məqamda güzəştə getməsinə nail olmaq istəyir. Bu, Bakı üçün qəbuledilməzdir.
Əgər ABŞ hazırkı ritorikasını davam etdirsə, çətin ki, ən azı yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülhə nail ola bilsin.
Kənan Novruzov