NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.
O, bu barədə “Bild” qəzetinə müsahibəsində deyib.
M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq.
“Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”, – Rutte deyib.
Bu gün dünyada çox ciddi siyasi hadisələr, o cümlədən qütbləşmələr baş verir. Bunun ən bariz nümunəsi NATO ilə Rusiya arasındakı gərginlikdir. Şərqi Avropada üç ildir davam edən müharibə tərəflər arasındakı gərginliyi yeni mərhələyə qaldırıb.
Perspektivdə Alyansla rəsmi Moskva arasında gərginliyin daha da artması və müharibə səviyyəsinə qalxması nəzəri baxımdan mümkündür. Lakin praktik nöqteyi- nəzərdən birbaşa savaşın başlanacağı ən azı yaxın gələcək üçün inandırıcı görünmür.
Əlbəttə, bunu nə Rusiya istəyir, nə də Alyans. Bu baxımdan Baş katibin səsləndirdiyi fikirlər daha çox çəkindiricilik mahiyyəti daşıyır. NATO Rusiya ilə mümkün toqquşmanın qarşısını almaq üçün silahlanır və müharibəyə hazır olduğuna dair qarşı tərəfə mesaj ötürür.
Məsələ burasındadır ki, Rusiya Ukrayna ilə müharibə bitəndən sonra digər qonşu ölkələrə, o cümlədən NATO üzvü olan Finlandiyaya hücum edə bilər. Alyans indidən belə bir ssenarinin qarşısını almağa çalışır.
Kənan Novruzov