KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Mirzoyan Moskvaya gedir: Ermanistana təzyiqlər artacaq

Kənan Novruzov: Mirzoyan Moskvaya gedir: Ermanistana təzyiqlər artacaq

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
30 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, tərəflər iki ölkə arasındakı əlaqələri, regioana dair məsələləri müzakirə edəcəklər.
Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda, belə bir gərgin məqamda Lavrovun ermənistanlı həmkarı ilə görüşü Kremlin regionla bağlı mövqeyindən xəbər verir. Görünür, Moskva hazırkı çətin geosiyasi duruma rəğmən, Cənubi Qafqazı əldən buraxmamaqda, buradakı təsir gücünün azalmamasında israrlıdır.
Görüşdə, çox güman ki, Cənubi Qafqazdaki durum prioritet mövzulardan olacaq. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası Rusiyanı narahat etməmiş deyil. Bu baxımdan Moskvanın İrəvana təzyiqlərinin artırılması gözləniləndir. Böyük ehtimalla diplomatların görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşünün nəticələri barədə də fikir mübadiləsi aparılacaq. Kreml Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Ona görə də prosesləri “tormuzlatmağa” çalışacaq.
Yəqin ki, Rusiyada Ermənistanın narahatlığını anlayırlar. Lakin bu, Kreml üçün əhəmiyyətli deyil. Moskva öz for- postunun onun orbitindən kənara çıxmaması üçün bütün imkanlarını səfərbər edə bilər.
Nazirlərin müzakirə edəcəyi ikinci məsələ, əlbəttə, Ukraynadakı durum olacaq. Son zamanlar mətbuatda Ermənistanın Rusiyaya gizli yardımı barədə müxtəlif məlumatlar yayılır. Ermənistanın Rusiyaya təyyarələr və xüsusi təlim keçmiş pilotlar göndərməsi buna bariz nümunədir. Lakin İrəvan sözügedən dəstəyi mümkün qədər gizli göstərməyə çalışır. Çünki Qərbdən qorxur.
Ola bilsin, Lavrov bu dəstəyin gələcəkdə aşkar formada davam etməsi ilə bağlı İrəvandan iltizam tələb etsin. Hətta tərəflər arasında bu istiqamətdə müəyyən yazılı razılıqların əldə olunması də mümkündür. Əlbəttə, Ukrayna ilə müharibədə Rusiya üçün Ermənistanın dəstəyi o qədər də əhəmiyyətli deyil. Sadəcə Kreml bu yolla Cənubi Qafqazdakı durumu nəzarətdə saxlamaq, həmçinin Ermənistanı Qərbdən “qoparmaq” istəyə bilər. İrəvanın isə müqavimət göstərmək üçün şansları o qədər çox deyil. Ən azından ona görə ki, ölkədəki hərbi baza və “Qarabağ klanı” vasitəsilə Rusiyanın Ermənistana təsir imkanları hələ də qalmaqdadır. Ermənistan yalnız Qərbdən ciddi zəmanət aldığı təqdirdə Rusiyanın tələbləri ilə razılaşmaz. Bu isə indiki məqamda o qədər də real deyil.
Bütün hallarda Lavrovla Mirzoyan arasında görüşün region üçün xüsusi əhəmiyyətli olacağını demək olar. Növbəti günlərdə isə Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla təmasları da mümkündür.
Kənan Novruzov, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.