KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Lavrov Bakıya gəlir: portfelində nələr var?

Kənan Novruzov: Lavrov Bakıya gəlir: portfelində nələr var?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
262 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Lavrovun Ermənistana səfərindən sonra onun Bakıya da gələcəyi gözlənilən idi. Əvvəllər də dediyimiz kimi, Rusiyanın Cənubi Qafqazda fəallaşmasının iki əsas səbəbi var. Birincisi, Kreml Ukrayna ilə müharibəyə başının qarışdığına görə Aİ- nin Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərinin artdığını və üçtərəfli görüşlərin effektli olduğunu görür. Əlbəttə, bu, Moskvanı narahat edir. Çünki şimal qonşumuz regiona nəzarəti itirmək istəmir. Bu mənada Rusiya regionda “müəyyən daşların yerinə oturmasına” razıdır. Bir şərtlə ki, bu, onun öz vasitəçiliyi ilə olsun və istədiyi vaxt yenidən prosesləri tormuzlada bilsin.
İkinci bir tərəfdən, Rusiya savaşla bağlı Azərbaycan və Ermənistandan konkret mövqe öyrənmək istəyir. Bakı hələlik ideal siyasəti yeridərək, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Bunun əksinin olması mümkün də deyil. Çünki Azərbaycan özü də otuz il işğaldan əziyyət çəkib.
Rusiya mövqeyimizin dəyişməyi üçün Azərbaycana müəyyən təzyiqlər etməyə çalışa bilər. Hərçənd bunun mənasız olacağını və əks effekt verə biləcəyini Kreml yaxşı bilir. Odur ki, Rusiyanın Cənubi Qafqaz məsələsində Azərbaycanın maraqlarına uyğun müəyyən addımlar atması da mümkündür. Əlbəttə, bu da yenə Bakının mövqeyinin Moskvanın xeyrinə dəyişəcəyi ümidi ilə ola bilər.
Çox güman ki, Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə keçirəcəyi mətbuat konfransında Ermənistanla əlaqələrin normallaşmasını dəstəklədiyini bildirəcək. XİN başçısı, yəqin, Rusiyanın bunun üçün köməklik etməyə hazır olduğunu deyəcək. Hətta istisna deyil ki, Rusiyanın baş diplomatı əlaqələrin normallaşması istiqamətində Türkiyənin rolunu da müsbət qiymətləndirsin. Amma, əlbəttə, səslənəcək bəyanatlar səmimi olmayacaq. Həmin açıqlamaların hər birinin arxasında Rusiyanın regionla bağlı öz geosiyasi maraqları dayanacaq.
Lavrovun Bakıya səfərinin ciddi nəticə verə biləcəyi inandırıcı deyil. Sadəcə olaraq dediyimiz kimi, Rusiya öz fəallığını göstərmək və regionla bağlı itirdiyi vasitəçilik təşəbbüsünü bərpa etmək istəyir.

Kənan NovruzovKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir