KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: KTMT Ermənistana girə bilərmi?- Qazaxıstan ssenarisi…

Kənan Novruzov: KTMT Ermənistana girə bilərmi?- Qazaxıstan ssenarisi…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
310 0

“Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır”. Bunu dünən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin sözçüsü Moskvanın ölkədə vəziyyətin tezliklə sabitləşməsində maraqlı olduğunu vurğulayıb.
Peskov həmçinin Ermənistanda müxalifətin mitinqlərini tamamilə İrəvanın daxili işi adlandırıb: “Bu, tamamilə və bütünlüklə Ermənistanın daxili işidir. Ermənistan bildiyiniz kimi, bizim müttəfiqimizdir, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır. Ermənistan bizim dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın”, – Kremlin sözçüsü qeyd edib.
Peskov əlavə edib ki, Ermənistanda sabitlik dövrü Rusiya Prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını mərhələli şəkildə həyata keçirməyə imkan verəcək.
Ermənistanda bir neçə gündür davam edən aksiyalara Rusiyanın münasibət bildirməsi gözlənilən idi. Bu, hər şeydən əvvəl Moskvaya yönələn şübhələri yayındırmaq üçündür. Belə ki, bir çoxlarının fikrincə, Ermənistanda baş verənlərin “dirijoru” məhz Kremldir. Rusiya Prezidenti Vladimir Putinin bu yolla Ermənistan Baş naziri Nikol Paşinyanı cəzalandırdığını düşününlər kifayət qədərdir. Bu şübhələr əbəs deyil. Çünki son vaxtlar Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində irəliləyiş hiss olunurdu. Bu isə Rusiyanın ürəyincə deyil. Həmçinin xatırlatmaq yerinə düşər ki, liderlərin Moskva görüşü də uğursuz keçmişdi. Putin Paşinyandan istədiyini ala bilməmiş, Ermənistanı Qərbdən “qoparmağı” bacarmamışdı. Odur ki, bir çox ekspertlər fikirləşir ki, Rusiya daxildə xaos yaratmaqla Paşinyanı özünə tabe etmək istəyir.
Bu mənada Moskvanın şübhələri öz üzərindən yayındırmaq cəhdləri başa düşüləndir. Çünki Ukraynadakı müharibəyə görə Kreml onsuz da dünyadan təcrid olunmaqdadır. Rusiyaya əlavə problemlər, yəqin ki, lazım deyil.
İkinci bir tərəfdən, son günlər KTMT-nin Ermənistana müdaxilə ehtimalı gündəmə gəlib. Əslində bu, istisna deyil. Bəlkə də, Peskovun bəyanatı məhz həmin ssenari üçün zəmindir. Sadəcə düşünmək lazımdır: Ermənistana girmək KTMT-yə nə üçün lazımdır? Əgər həm mitinqlərin “dirijoru”, həm də sözügedən qurumun aparıcı üzvü Rusiyadırsa, deməli, KTMT-nin Ermənistana girməyi Nikol Paşinyan hakimiyyəti üçün yaxşı nəsə vəd etmir. Xatırlamaq yerinə düşər ki, bir neçə ay əvvəl Qazaxıstanda oxşar hadisələr olmuşdu: əvvəlcə aksiyalar başlamış, ardınca KTMT- nin sülhməramlı kontingenti Qazaxıstana girmiş, ardınca isə Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırılmış, hakimiyyət Kasım- Jomərd Tokayevin əlində cəmləşmişdir. Buna bənzər ssenarinin təkrarlanması ehtimalı var. Amma o qədər də çox deyil. Paşinyan hər nə qədər Qərbpərəst siyasətçi olsa da, indiki halda Ermənistanda hakimiyyət dəyişikliyi region üçün əlavə problemlər deməkdir. Putinin indi bu problemlərlə məşğul olmağa vaxtı yoxdur. Hərçənd, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına başqa cür mane ola bilmədiyini görən Kreml rəhbəri, bəlkə də, buna gedər.
Ermənistandakı aksiyaların nə ilə nəticələnməsindən asılı olmayaraq, Peskovun səsləndirdiyi fikirlər təsadüfi deyil. Yəqin ki, Ermənistanla bağlı Rusiyanın xüsusi planı var. Və biz növbəti günlərdə həmin planın nədən ibarət olduğunu daha yaxşı görəcəyik.

Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir