Rusiyanın yenilənmiş nüvə doktrinasının nəşri Ukrayna münaqişəsinin misli görünməmiş eskalasiyasını həyata keçirən ABŞ administrasiyası üçün siqnal sayıla bilər.
“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiyanın yenilənmiş nüvə doktrinasının dərcinin ölkənin dərinliklərinə zərbələr endirmək üçün “ATACMS” ballistik raketlərinin istifadəsini təsdiqləyən ABŞ administrasiyası üçün siqnal sayıla bilərmi sualına cavab verərkən deyib:
“Əlbəttə, burada heç bir təsadüflük yoxdur, müəyyən bir qanunauyğunluqlar var.
Baxmayaraq ki, prezident Vladimir Putin bizim doktrinamızı Qərb dövlətlərinin təhrik etdiyi indiki qarşıdurma şəraitinə uyğunlaşdırmaq üçün dəyişikliklərin hazırlanması ilə bağlı göstəriş verib. Lakin buna baxmayaraq, Putin görünməmiş eskalasiyaya cavab verməlidir ki, bu da ilk növbədə hakimiyyətdən gedən Vaşinqton administrasiyası tərəfindən təhrik olunur”.
Peskov qeyd edib ki, bu yolla hakimiyyətdən gedən ABŞ administrasiyası getdikcə ehtiyatsız addımlar ataraq Ukrayna münaqişəsi ətrafında gərginliyi yüksəldir.
Məlum olduğu kimi, bir müddər əvvəl ABŞ hakimiyyəti Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərimə zərbə endirməyə icazə verdi. Ukraynanın müvafiq hücumlarından sonra Rusiya prezidenti yenilənmiş nüvə doktorinasını təsdiqlədi.
Yenilənmiş nüvə doktrinasında diqqət çəkən bir neçə məqam var. Birincisi, ona aydınlıq gətirək ki, Rusiya artıq NATO-nu hədəf alır.
ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmasına icazə verməsi Vaşinqtonun savaşdakı iştirak dərəcəsini artırır. Belə olan halda Rusiyanın birbaşa ABŞ- a cavab verəcəyi inandırıcı görünmür. Buna Moskvanın cəsarəti çatmaz. Amma, çox güman, ABŞ-nin müdaxiləsinə cavab olaraq Rusiya digər – daha zəif Alyans ölkələrinə zərbə endirmək barədə düşünür. Bu baxımdan Baltikyanı ölkələr üçün risk daha çoxdur. İstisna deyil ki, yaxın günlərdə Baltikyanı ölkələr özlərinin təhlükəsizlik və müdafiə qabiliyyətini artırmaq barədə məlumat yayacaqlar.
İkinci bir tərəfdən, yenilənmiş nüvə doktrinasında Belarusun adının xüsusi çəkilməsi də diqqət çəkir. Belə nəticəyə gəlmək olar ki, Moskva və Minsk bundan sonra da ümumi təhdidlərə qarşı birgə mübarizə aparacaq.
Nəhayət, yenilənmiş nüvə doktrinası Rusiyanın nüvə silahından istifadən etməsi ehtimalını artırır.
Ümumilikdə demək olar ki, yenilənmiş nüvə doktrinası Rusiyanın Avropa ölkələrinə hücum etməsi və nüvə silahını tətbiq etməsinə zəmin yaratmaq cəhdidir.
Artıq müharibədə yeni mərhələ başlayıb. Bu mərhələ daha gərgin olmaqla yanaşı, həm də, bəlkə də, həlledicidir. İstisna deyil ki, Kreml bir müddətdən sonra daha riskli qərarlar qəbul edəcək.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı