Şimdi yükleniyor

Kənan Novruzov: İsrail- İran gərginliyi Azərbaycan- Türkiyə münasibətlərinə necə təsir edəcək?

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmi vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.
Həmçinin də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.
Məlum olduğu kimi, İsraillə İran arasında gərginlik bir neçə gündür davam edir. Bu, təkcə regional xarakterli məsələ deyil. Gərginik davam edəcəyi təqdirdə onun təsirləri təkcə Yaxın Şərq bölgəsi ilə kifayətlənməyəcək. Həm də digər regionlara, o cümlədən Cənubi Qafqaza təsir edəcək. Çünki müxtəlif aktorların İran və İsrailə münasibəti fərqlidir. Gərginlik davam edəcəyi təqdirdə bu fərqli mövqelər daha aydın şəkildə özünü göstərəcək.
Azərbaycanla Türkiyənin İran və İsrailə münasibətləri müəyyən mənada fərqlidir. Belə ki, Bakı mümkün qədər çalışır ki, Tehran və Təl- Əviv arasında balanslı davransın. Ankara isə İsraillə bağlı radikal mövqedədir. Bu, İsrail HƏMAS hərbi toqquşmasında da özünü göstərdi.

Adətən Azərbaycan və Türkiyə xarici siyasətdə koordinasiyalı davranırlar. Əslində indiyədək İsrail – İran məsələsi Azərbaycanla Türkiyə arasında ciddi fikir ayrılığına səbəb olmayıb. Bəs bundan sonra necə olacaq?

Böyük ehtimalla gərginlik yaxın vaxtda səngiməyəcək. Əksinə, hərbi toqquşmanın ciddi nəticələrə səbəb olması mümkündür. Belə bir vaxtda, həm Azərbaycan, həm də Türkiyə, yəqin ki, hazırkı mövqelərini mümkün qədər qorumağa çalışaçaqlar. Azərbaycan balanslı davranacaq, tərəfə çevrilməyəcək. Türkiyə isə İsrailə qarşı qətiyyətli mövqeyini davam etdirəcək. Ancaq bu fərqli mövqelərin Bakı və Ankara arasında münasibətlərə fərqli təsir edəcəyini düşünmürəm. Birincisi ona görə ki, hər ölkənin özünün müstəqil xarici siyasət kursu var. Bunu həm Bakı, həm də Ankara anlayır. İkincisi isə Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər. Bu, təkcə tərəflərin bir- birilərinin maraqlarına uyğun hərəkət etməsini yox, həm də bir – birilərinin xarici siyasət və təhlükəsizlik maraqlarını nəzərə almağı tələb edir. Bu baxımdan tərəflər arasında hansısa narazılığın yaranacağını düşünmürəm. Hərçənd bnuna çalışan güclər olacaq.

Kənan Novruzov

Share this content:

Yorum gönder