KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: İrandakı səfirlik bərpa edilir

Kənan Novruzov: İrandakı səfirlik bərpa edilir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
144 0

İrandakı səfirlik bərpa edilir: Həm Bakı, həm də Tehran diqqətli olmalıdır
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən ilin yanvar ayında Azərbaycan səfərliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub:
“Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib”.
XİN sözçüsü vurğulayıb ki, hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür:
“Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”.
Bu o deməkdir ki, yaxın gələcəkdə İrandakı Azərbaycan səfirliyinin bərpası nəzərdə tutulur. Daha əvvəl səfirliyin fəaliyyətinin bərpa olunması barədə Tehran və Bakı arasında müzakirələrin getdiyinə dair məlumat yayılmışdı. Görünən odur ki, bu müzakirələr nəticə verir.
2023-cü il yanvarın 27-də İrandakı Azərbaycan səfirliyinə hücumdan sonra həmin diplomatik korpusun fəaliyyəti dayandırılmışdı. Bu, həmçinin ikitərəfli münasibətlərdə də müəyyən gərginlik yaratmışdı. Araşdırmalara, müraciətlərə baxmayaraq, hadisənin bəzi detalları hələ də müəmmalı olaraq qalır.
Mümkündür ki, İranla Azərbaycan arasında səfirliyin bərpası ilə bağlı “pərdəarxasında” da müzakirələr gedir.
Yaxın zamanda səfirliyin fəaliyyətinin bərpası ikitərəfli münasibətlərdə müəyyən yumşalmalara səbəb ola bilər. Amma diplomatik korpusun mühafizəsi və təhlükəsizliyi bu dəfə daha güclü olmalıdır. Rəsmi Tehran baş verənlərdən dərs çıxarmalıdır. Həmçinin rəsmi Bakı da üzərinə düşənləri etməli, Tehrandan təhlükəsizliyin maksimum səviyyədə olmasını tələb etməlidir.
Nəzərə almaq lazımdır ki, oxşar hadisə tərəflər arasında daha ciddi siyasi böhrana səbəb ola bilər. Bunu isə nə Bakı istəyir, nə də Tehran.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir