Şimdi yükleniyor

Kənan Novruzov: İran – Ermənistan münasibətlərinin gələcəyi nə vəd edir?

Pezeşkian azərbaycanlı olduğuna görə…
İranın yeni seçilən prezidenti Məsud Pezaşkian iyulun 30-da özünün andiçmə mərasimi çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Cənubi Qafqazdakı mövcud durumu da müzakirə ediblər.
M.Pezaşkian qeyd edib ki, İran Ermənistanla dialoqu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırdır.
İranın yeni seçilən prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini qeyd edib. O, regionda sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır.
N. Paşinyan qeyd edib ki, İranla əlaqələrin çoxşaxəli inkişafı Ermənistan üçün vacibdir, bu, qarşılıqlı hörmət və anlaşmaya əsaslanır: “Mənim bu gün burada olmağım bizim Ermənistanla İran arasında münasibətlərin dərinləşməsinə və əməkdaşlığın ən yüksək səviyyədə möhkəmləndirilməsinə sadiqliyimizdən xəbər verir”.
Məlum olduğu kimi, İranda keçmiş prezident İbrahim Rəisinin hakimiyyəti dövründə Azərbaycanla münasibətlər o qədər yaxşı deyildi. Bunun əsas səbəbi İranın Ermənistanı silahlandırması və “qırmızı cizgiləri” idi. Rəsmi Tehran zaman- zaman Azərbaycanla qonşuluğa və İslam dininə zidd hərəkətlər edirdi. Bu isə ikitərəfli münasibətlərdə gərginliyə səbəb olurdu.
Bir çox ekspertin fikrincə, bundan sonra İran – Azərbaycan münasibətlərində və ümumilikdə Cənubi Qafqaz regionunda yeni mərhələ başlayacaq. Onlar bunu M.Pezaşkianın əslən azərbaycanlı olması ilə əlaqələndirirlər. Əlbəttə, bu faktor münasibətlərin perspektivi üçün müəyyən rol oynaya bilər. Amma münasibətlərin inkişafı tamamilə bu məqamdan asılı deyil.
Məsələ bundan ibarətdir ki, İranda prezident sadəcə icraçı vəzifədir və o, ali dini liderə tabedir. Yəni M.Pezaşkian hətta istəsə belə ali dini liderə qarşı çıxa bilməz. Deməli, yeni prezident üçün həm də fars rejiminə qarşı çıxmaq çətindir.
M.Pezeşkian və N.Paşinyanın səsləndirdiyi fikirlərdən belə məlum olur ki, dövlətlər ikitərəfli münasibətləri olduğu kimi davam etdirməkdə maraqlıdırlar. Əslində bu, o qədər də təəccüblü deyil. Hər halda İrandan özünün qonşulardan biri- Ermənistanla münasibətləri tamamilə dayandırmağı gözləmək doğru olmaz. Bu, absurddur.
Bununla belə, İran Azərbaycanla bağlı siyasətini də gözdən keçirməli, redaktə etməlidir. Çünki Cənubi Qafqazın ən güclü siyasi aktoru məhz rəsmi Bakıdır. Tehran bu reallığı nəzərə almalıdır.
Əlbəttə, Ermənistan da mümkün qədər çalışacaq ki, İranla münasibətləri qorusun. Çünki hazırda region ölkələri arasında İrəvanın qismən ən yaxşı münasibəti Tehranladır. Deməli, İranla münasibətlər Ermənistan üçün strateji əhəmiyyətlidir.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

Share this content:

Yorum gönder