KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: İndi bəyanat vermək yox, addım atmaq vaxtıdır, Paşinyan…

Kənan Novruzov: İndi bəyanat vermək yox, addım atmaq vaxtıdır, Paşinyan…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
173 0

Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, rəsmi İrəvan üçün sülhün alternativi yoxdur. Onun sözlərinə görə, sülh İrəvanın suverenliyi və təhlükəsizliyi üçün ən etibarlı elementdir.
Paşinyan əvvəllər də oxşar açıqlamalar verib. Məlumdur ki, rəsmi İrəvanın oxşar məzmunlu bəyanatları hər şeydən əvvəl onların özlərini “sülh göyərçini” kimi göstərmək səyləridir.
Ümumiyyətlə, siyasətdə bu cür açıqlamalar manipulyasiya xarakteri daşıyır. Bu, Paşinyan kimi siyasətçi üçün isə ümumiyyətlə, səciyyəvidir. Çünki o, ictimai rəylə işləməyi bacarır.
Bəlkə də, Paşinyan əslində sülhün labüd olduğunu və bundan başqa yolunun olmadığını anlayır. Amma tərəddüdlüdür. Və düşünür ki, vaxt uzatmaqla nəyəsə nail ola bilər. Bundan başqa, istisna deyil ki, Ermənistan baş naziri sülh müqaviləsini imzalayacağı təqdirdə hakimiyyətdən salınacağından qorxur.
Ən mühüm məqam isə daxili və xarici təzyiqlərdir. Rusiya, Fransa, ABŞ, Avropa İttifaqı kimi beynəlxalq oyunçularla yanaşı, erməni diasporu, həmçinin Ermənistan daxilindəki müxalifət də Paşinyanın qərarlarına müdaxilə etməyə çalışır.
Əslində hökumət başçısı düz deyir: sülh İrəvanın suverenliyi və təhlükəsizliyi üçün ən etibarlı elementdir. Cənubi Qafqazda sabitlik təmin olunmadıqca Ermənistan üçün təhdidlər daim qalacaq. Paşinyan bunu yaxşı bilir.
Amma davamlı sülh üçün Paşinyanın yalnız reallıqları anlaması kifayət deyil. Həm də əməli addımlara və siyasi iradəyə ehtiyac var. Proseslər göstərir ki, Ermənistan baş naziri hazırkı situasiyada özünü çox rahat hiss edir Ona görə də bəyanatlarının arxasında durmur, “nala -mıxa vurur”, üstəlik Azərbaycanı ittiham etməyə çalışır.
Deməli, Ermənistana təzyiqlər artırılmalıdır. Paşinyanın vurnuxmağa yeri olmamalıdır.
Məsələ ondadır ki, belə açıqlamalar əslində müsbət impuls olsa da, bizim üçün xüsusi bir əhəmiyyət kəsb etmir. Çünki Paşinyanın “sürüşkən” siyasətinə artıq bələdik. İndi bəyanat vermək yox, addım atmaq vaxtıdır, Paşinyan. Təxribatlata son qoyulmalı, üçüncü tərəflərin proseslərə müdaxiləsinə, o cümlədən süni gərginlik yaratmasına imkan verilməməlidir. Yalnız bundan sonra ciddi danışıqlar aparıla bilər. Əgər Ermənistan hərbi-siyasi hakimiyyəti provokasiyaların qarşısını ala bilmirsə, bunu Azərbaycan ordusu da edə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir