Fransa və Rusiyanın Cənubi Qafqaz mübarizəsi: Kim udub, kim uduzacaq?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, avropalılar, ən əsası da Fransa öz geosiyasi məqsədləri naminə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır.
O, deyib ki, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında məhz Yelisey Sarayının vasitəçilik adı ilə regionda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığının şahidi olub.
“Yeri gəlmişkən, Parisin təmsilçiləri regionda topladığı informasiyanı Ermənistandakı həmkarları ilə qətiyyən bölüşmür. Çünki məqsəd bəllidir. Bu məlumatlar bilavasitə Brüsselə göndərilir. Niyə? Ona görə ki, Brüsselin postsovet məkanındakı məqsədlərini heç kim gizlətmir. Bu, davamlı xaos, pozuculuq və zərərli fəaliyyətdir. Bundan əlavə Avropa İttifaqı və Fransanın fikirlərinin mərkəzində missiyanın fəaliyyət spektrinin genişləndirilməsi dayanır”, – XİN rəsmisi vurğulayıb.
İkinci Qarabağ müharibəsinə qədər, həm də ondan sonrakı dövrdə müxtəlif güclər Cənubi Qafqazda təsir imkanları uğrunda daim mübarizə aparıblar. Bu, bu gün də müşahidə olunur. Qərb və Rusiya bölgədə təsir imkanı uğrunda mübarizə aparırlar. 44 günlük savaşlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edənə qədər hər iki tərəf bunu bölgədə gərginliyi qoruyub saxlamaqla etməyə çalışırdı. Rəsmi Bakının ərazi bütövlüyünü təmin etməsindən sonra regionda yaranan yeni reallıqlar, əlbəttə, bölgə ilə bağlı maraqları olan aktorların da siyasətinə təsir etdi.
Məsələ burasındadır ki, indi nəinki Azərbaycanın, bütünlükdə Cənubi Qafqazın gündəliyində olan əsas məsələ sülhdür. Mümkün sülh istənilən üçüncü qüvvənin – xüsusilə bölgədən uzaq Qərbin Cənubi Qafqaza müdaxiləsinin qarşısını alacaq. Bu, hər kəsə aydındındır. Odur ki, xüsusilə Qərb mümkün qədər çalışır ki, münasibətlərin normallaşmasının qarşısını alsın. Bu isə o deməkdir ki, Fransa başda olmaqla bir çox Qərb ölkəsi bölgədə gərginliyin olmasında maraqlıdır.
İkinci məsələ budur ki, tərəflər sülhün qarşısını almağın mümkünsüz olduğundan əmin olanda vasitəçi kimi çıxış edərək prosesi uzatmağa çalışa bilərlər. Bu da effektiv olmasa, xüsusilə Rusiyanın sülhdə üçüncü tərəf olmağa cəhd etməsi və beləliklə, bölgədə təsir imkanlarını qorumağa çalışması mümkündür.
Konkret olaraq Zaxarovanın dediklərinə gəldiksə isə bildirməliyik ki, Fransa, həqiqətən, Cənubi Qafqazda gərginlikdə maraqlıdır. Paris İrəvan arasında müdafiə və təhkükəsizlik sahəsində artan əməkdaşlıq da bunu göstərir. Yelisey Sarayı Ermənistan üzərində açıq – aydın “kökə və qamçı” siyasətini yeridir. Bir tərəfdən Ermənistanı silahlandıraraq şirnikləndirir, sonra isə direktivlərini verir. Bu baxımdan Rusiya rəsmisinin fikirlərində həqiqət var.
Amma “medalın görünməyən tərəfi də” var. Belə ki, Moskva və Qərb arasında Cənubi Qafqazdakı təsir imkanları uğrunda mübarizəsi özünü tərəflərin bir – birinə qarşı psixoloji mübarizəsində də göstərir. Onlar bir – birilərinə qarşı “gözdən salma” kampaniyası həyata keçirirlər. Bunun nəticəsidir ki, Qərb və Rusiya Cənubi Qafqazda “suların bulanmasında” adətən bir- birilərini ittiham edirlər.
Əlbəttə, bu cəhdət, təlqinlər rəsmi Bakıya təsir baxımından heç də effektiv deyil. Azərbaycan indiyə kimi olduğu kimi, bundan sonra da özünün müstəqil, praqmatik siyasətini davam etdirəcək.
Kənan Novruzov