2025- ci il Türkiyə üçün bu hadisə ilə yadda qalacaq: Fidan anons verdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Bernar Quintenlə birgə mətbuat konfransında çıxışında deyib ki, Suriyada terror təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır.
O, söyləyib ki, terror təşkilatları Suriyanı tərk etməlidir.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunması vacibdir.
Məlum olduğu kimi, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıq yaranıb. Bu reallıq Türkiyənin öz maraqlarına uyğun olaraq Suriyanın şimalını terrorçulardan təmizləməyə şərait yaradır. Əvvəl də dediyimiz kiki, Ankara buna nail olmaq üçün Suriyanın yeni hakimiyyəti ilə təmasları intensivləşdirəcək. Bu kontekstdən Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın və xarici işlər naziri Hakan Fidandan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın da Suriyaya səfəri gözləniləndir.
İndiyədək Suriyanın terrorçulardan tam təmizlənməsinə mane olan əsas məsələ məhz Əsəd rejimi idi. İndi belə bir problem yoxdur. Odur ki, Ankara terrora qarşı mübarizəsini gücləndirəcək. Bunun üçün həm diplomatik, həm də hərbi səylər ortaya qoyulacaq.
Suriya və İraqın terrorçulardan təmizlənməsi Türkiyə üçün strateji əhəmiyyətli məsələdir. Bu, perspektivdə Türkiyədəki qaçqınların ölkələrinə qayıdışını sürətləndirəcək.
2025- ci ildə Türkiyə Suriya və İraqın terrorçulardan təmizlənməsində ciddi nəticə əldə edə bilər. Hətta terror bəlasına tamamilə son qoyulması da mümkündür.
İndiki məqamda Türkiyə üçün beynəlxalq dəstək çox vacibdir. Əgər lazımi dəstək verilərsə, bu, Ankaranın işini xeyli asanlaşdıracaq.
Kənan Novruzov