KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ermənistanla Azərbaycan sülh sazişi Bakıda imzalana bilər

Kənan Novruzov: Ermənistanla Azərbaycan sülh sazişi Bakıda imzalana bilər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
30 0

Bloger Adnan Hüseyn özünün “X” hesabında yazıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi COP29-dan əvvəl və ya həmin müddət ərzində imzalana bilər. O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca demarkasiya olunmuş ərazilərdə tikanlı məftillər çəkilib: “Çətinliklər yaratmağa çalışan bəzi daxili və xarici amillərə baxmayaraq, bu addımlar prosesin müsbət istiqamətdə getdiyini göstərir. Baş verənlər sülhün COP29-dan əvvəl və ya bu müddət ərzində imzalana biləcəyinə dair proqnozları gücləndirir”.
Məlum olduğu kimi, COP29 noyabr ayında Bakıda keçiriləcək.

Ermənistan baş naziri Nikol Paşinyanın da COP29-da iştirak etmək məqsədilə Bakıya gələcəyi istisna edilmir. Əgər bu olarsa, tarixi hadisəyə şahidlik etmiş ola bilərik.
Xüsusilə son vaxtlar İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesində fəallıq müşahidə olunur. Bir neçə dəfə Naxçıvan istiqamətində atəşkəsin pozulması istisna olmaqla, demək olar, son zamanlar heç bir başqa provokativ addıma rast gəlinməyib. Bu, onunla bağlıdır ki, Ermənistan hakimiyyəti regionda sülhün alternativinin olmadığını anlayır.

Bu gün həm Ermənistanın dövlətçiliyi, həm də Paşinyanın şəxsi təhlükəsizliyi təhdid altındadır. Çünki İrəvan xarici siyasət kursunda konkret xətt yeridə bilmir: Rusiyadan uzaqlaşmağa çalışsa da, bunu bacarmır. Həmçinin Qərblə, o cümlədən Fransa ilə münasibətlərin inkişafında maraqlı görünən Ermənistan bu dövlətlərə də inam olmadığını anlayır. Hər halda Qərbin Ukraynada, Gürcüstana nələr etdiyi Ermənistana yaxşı məlumdur.

Belə bir vəziyyətdə Ermənistana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun ən optimal yolu isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Əgər İrəvan regionun iki güclü aktoru ilə əlaqələri normallaşdırmağı bacararsa, onda regionda yeni reallıqlar yaranacaq, əməkdaşlıq mühiti formalaşacaq. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi dividentlər vəd edir. Perspektivdə Ermənistan iqtisadiyyatının inkişaf etməsi bu dövləti siyasi cəhətdən müstəqil edə, xarici güclərin təsirindən qurtara bilər. Düşünmək olar ki, Paşinyan bunu başa düşür.

İndi sülh sazişi üçün lazım olan əsas element Paşinyan hakimiyyətinin siyasi iradə göstərməsidir. Ermənistan daxilində vəziyyət kifayət qədər gərgindir. Üstəgəl, rəsmi İrəvan kənar təsirlərə də məruz qalır. Belə bir vaxtda Paşinyan və onun komandası çalışır ki, “balanslı”, ehtiyatlı davransın.

Əvvəl də dediyimiz kimi, bu gün sülh Azərbaycandan çox Ermənistana lazımdır. Çünki rəsmi Bakı öz problemini həll edib, ərazi bütövlüyünü təmin edib. Rəsmi İrəvan isə kənar güclərdən asılı halda olmaqla yanaşı, həm də Qərblə Rusiya arasında real poliqona çevrilmək təhlükəsi ilə üz-üzədir. Belə bir vaxtda İrəvanın Bakının şərtləri ilə sülh sazişini imzalamaqdan başqa yolu yoxdur. Bir sözlə, vaxt Ermənistanın əleyhinə işləyir.

Ermənistanla Azərbaycan arasında sülh sazişinin COP29-a qədər imzalanması nəzəri baxımdan mümkündür. Çünki faktiki olaraq tərəflər arasında əsas mübahisəli məsələlər həllini tapıb. Həmçinin etimad mühiti də getdikcə formalaşır. Noyabra qədər üç aydan çox vaxt var. Bu müddət ərzində də bəzi məsələlərin həllini tapması və sülh sazişinin imzalanması mümkündür.

Amma bunun üçün bəzi xarici güclərin, xüsusilə Fransanın bölgəyə müdaxiləsinin qarşısı alınmalıdır.

Əgər noyabrda Paşinyan Bakıya gələrsə və o zamana qədər sülh sazişi imzalanmasa, onda onun Azərbaycan lideri İlham Əliyevlə ehtimal olunan görüşündə bir çox məsələlər barədə geniş fikir mübadiləsinin aparılması mümkündür. Çox güman, belə də olacaq. Sülh sazişinin elə Bakıda imzalanması və ya sazişinin əsas hissələrinin Azərbaycanda razılaşdırılması mümkündür. O vaxta kimi isə Paşinyan daxili auditoriyanı bu hadisəyə hazırlamağa çalışacaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir