Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanmasının tarix və yerinin müəyyənləşdilməsinə mümkün qədər tez başlamaq lazımdır: “Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq”.
O, İrəvanın regionda sülhə idealına sadiq olduğunu bildirib.
Mirzoyanın dediklərindən belə qənaətə gəlmək olar ki, İrəvan sülh üçün tələsir. Əslində buna əsas var. Çünki Ermənistan bu gün Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib. Məsələ burasındadır ki, Ermənistan müstəqil xarici siyasətə malik deyil. Rəsmi İrəvan faktiki olaraq Qərblə Rusiya arasında qalıb. Bu, Ermənistan hakimiyyətini daim təzyiq altında saxlayan məqamdır. Odur ki, baş nazir Nikoı Paşinyan narahatdır. O, “küləyin hansı tərəfə əsəcəyini proqnozlaşdırıb həmin tərəfə əsmək istəyir”. Bu baxımdan Ermənistan dünyada baş verən prosesləri diqqətlə izləyir.
Beynəlxalq aləmdə vəziyyət kifayət qədər gərgindir. Əlbəttə, bu, Ermənistanın xarici siyasətinə də təsir.
Birincisi, görünən odur ki, Rusiya Ukrayna ilə müharibədən qalib çıxacaq. Bundan sonra Rusiyanın sakitləşməyib, yeni gərginliklərə səbəb olacağı gözləniləndir. Növbəti hədəflərdən biri də Moskvanın çoxdandır “əlindən zəncir çeynədiyi” Ermənistandır. Kreml Paşinyanla “haqq- hesabı çürütmək istəyə” bilər.
ABŞ-də Donald Trampın hakimiyyəti gəlməsi də Ermənistanı narahat edən məqamlardandır. Belə ki, rəsmi Vaşinqton Moskva ilə “buzları əritməyə” çalışır. Bu, o deməkdir ki, Tramp hakimiyyətinə qədər Ermənistanı dəstəkləyən və onun arxasında dayanan ABŞ indi Rusiyanın xeyrinə müəyyən qədər geri çəkilə bilər.
İkinci bir tərəfdən, Tramp hakimiyyətə gələndən sonra ABŞ ilə Avropa arasında gərginlik yaranıb. Bu ziddiyyətin gələcəkdə artması istisna deyil. Deməli, bu gərginlik fonunda Qərbin Ermənistana dəstəyi də azalacaq. İrəvan yalnız Avropanın dəstəyindən asılı ola bilər. Hərçənd, yəqin, Paşinyan başa düşür ki, Avropanın “ipi ilə quyuya düşmək risklidir”.
Başqa bir məqam, Azərbaycan- Türkiyə- Rusiya üçbucağında baş verənlərdir. Perspektivdə Bakı ilə Moskva arasında “soyuq küləklər” aradan qalxsa, Ermənistan fakt qarşısında qalar.
Görünür, Ermənistan İranın dəstəyi ilə bağlı da tərəddüdlüdür.
Bütün bunlar Ermənistan üçün yeni təhlükəsizlik arxitekturasını zəruri edir. Bunun üçün ən optimal yol isə Bakı və Ankara ilə münasibətlərin normallaşmadıdır. Ermənistan hakimiyyəti qeyd edilən reallıqları anlayır. Lakin sülh üçün səmimi siyasi iradə ortaya qoya bilmir. Bunun da əsas səbəblərindən biri Ermənistan hakimiyyətinin iradəsinin zəifliyi ilə bağlıdır. Beləliklə, Ermənistanın sülh idealına sadiqliyi də sual altına düşür.
Əgər Ermənistan, həqiqətən, sülh istəyirsə, Azərbaycanın tələblərini yerinə yetirməlidir.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın regionda terrora son qoymasından, ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Rəsmi Bakı bu reallıqların müəllifidir. Yeni “oyun qaydaları” Cənubi Qafqazda sülhün təmin olunmasını zərurətə çevirir.
Azərbaycan qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edib. Bu gün rəsmi Bakı regionda sülhün və əməkdaşlıq mühitinin təmin olunması bütün imkanlardan istifadə edir. Azərbaycan daimi sülhdə maraqlıdır. Bunun üçün konkret və qarşı tərəfə çoxdan məlum olan şərtlər var. Həmin əsas şərtlər bunlardır. Birincisi, Ermənistan Azərbaycan qarşı ərazi iddialarından imtina etməli və bunu konstitusiya səviyyəsində təsdiqləməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etdiyi bir vaxtda sülh sazişinin imzalanması o deməkdir ki, rəsmi İrəvan gələcəkdə qanunvericiliyə istinad edərək revanşa cəhd edə bilər. Bu, Bakının maraqlarına uyğun deyil.
İkincisi, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Çünki bu qrupun işi keçmiş Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ləğv etmək idi. İndi nə belə bir konflikt var, nə da Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi. Deməli, 30 il ərzində heç bir ciddi işlə məşğul olmayan Minsk Qrupuna da daha ehtiyac yoxdur.
Üçüncüsü, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtini yerinə yetirməli, o cümlədən kommunikasiya xətlərinin açılmasına razı olmalıdır.
Dördüncüsü, Ermənistan hərbi təxribatlarını dayandırmalı, konkret siyasi iradə və mövqe ortaya qoymalıdır. İrəvanın hazırkı qeyri-müəyyənliyi heç bir halda sülhə aparan yol ola bilməz. Çünki qarşı tərəf sözdə dediklərini əməldə təsdiqləyə bilmir. Bu isə Ermənistanın səmimiliyinə şübhə yaradır.
Rəsmi Bakının şərtləri aydındır. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət onlara məlum olan bu tələblərin məntiqli və ədalətli olduğunu anlayır.
Azərbaycan sülhlə maraqlıdır və bunun üçün çalışır. Amma indi sülh Bakıdan çox İrəvana lazımdır. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib və balanslı, müstəqil xarici siyasət kursuna sahibdir.
Kənan Novruzov