Şimdi yükleniyor

Kənan Novruzov: Ermənistan konstitusiyasına dəyişiklik həm də Türkiyə ilə normallaşma üçün şərtdir

 

Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, bu dövlət Türkiyə ilə münasibətlərin normallaşmasına sadiqdir. Qeyd olunub ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN-dən bildirilib ki, cəmiyyət yalnız aydın razılaşmalar olduqda zamanla bağlı məlumat əldə edəcək.
Əvvəl də dediyimiz kimi, İkinci Qarabağ müharibəsinə qədər Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasına mane olan əsas amil Azərbaycan torpaqlarının işğal altında qalması idi. 44 günlük döyüşlərdən sonra bu məsələ həllini tapdı. Beləliklə, indi rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına mane olan səbəb yoxdur. Üstəgəl, nəzərə almaq lazımdır ki, regionda yeni əməkdaşlıq mühiti yaranıb. Və bu reallıq regional əməkdaşlığı şərtləndirir.
İkinci Qarabağ müharibəsindən dərhal sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi başlandı. Bunun üçün xüsusi nümayəndələr təyin edildi.
Hazırda Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası prosesi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə paralal gedir. İrəvan Ankara ilə münasibətlərin normallaşmasına nail olmaq istəyirsə, Bakının şərtlərini qəbul etməlidir. Bu konteksdə Ermənistan konstitusiyasına dəyişiklik əsas məsələlərdən biridir.
Birincisi, dediyimiz kimi, Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməsi Türkiyənin də əsas şərtidir. İkincisi, Ermənistan konstitusiyasında təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddiaları var.
Bu o deməkdir ki, Ermənistan konstitusiyasına dəyişiklik olmayana qədər İrəvanla Ankara arasında münasibətlərin normallaşması məhdud səviyyəyə qədər inkişaf edəcək.
Bəs Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün niyə tələsir? Çünki regionda yaranan yeni reallıqlar İrəvanı fakt qarşısında qoyub. Ermənistan hakimiyyəti başa düşür ki, regional əməkdaşlıqdan, o cümlədən Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu yoxdur.
Başqa bir məsələ bundan ibarətdir ki, Ermənistan bu gün faktiki olaraq Qərblə Rusiya arasında qalıb. Hər iki tərəf rəsmi İrəvana təzyiq edir. Bu, Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Belə bir vəziyyətdə Türkiyənin yeni təhlükəsizlik çətirinə ehtiyacı var. Bunun üçün ən optimal yol isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Yəni Ermənistanı Türkiyə ilə münasibətlərin normallaşdırılmasına tələsdirən əslində üzləşdiyi xarici təhdidlərdir.
Rəsmi İrəvan loyal bəyanatlar versə də, bu açıqlamaların realizəsi üçün əməli addımlar atmır. Yəni Ermənistanın əməli ilə sözləri üst- üstə düşmür.
Bir sözlə, Ermənistanın konstitusiya dəyişikliyinə getməsi təkcə Azərbaycanla yox, həm Türkiyə ilə münasibətlərin normallaşması üçün şərtdir.
Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şərhçi

Share this content:

Yorum gönder