Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib ki, Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.
“Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, – XİN başçısı vurğulayıb.
C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb:
“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.
Regionda sülh və sabitliyin təmin edilməsi üçün unikal və tarixi şərait yaranıb.
Azərbaycanın sülh üçün konkret şərtləri var. Həmin şərtlərdən ən vacibi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və bunu konstitusiya səviyyəsində təsdiqləməsidir. Rəsmi İrəvan sözdə sülh istədiyini desə də, əməldə bunu təsdiqləmir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanın bu ziddiyətli ritorikası xeyli dərəcədə Qərbin təsirlərinin nəticəsidir.
Aydın məsələdir ki, Ermənistan konstitusiyasına müvafiq dəyişikliyi etmədikcə sülh sazişi imzalanmayacaq.
Ermənistanın Avropa İttifaqına (Aİ) üvzlüyü məsələsini gündəmə gətirməsi və ABŞ ilə strateji tərəfdaşlıq barədə imzalanan sənəd, əlbəttə, Cənubi Qafqazdakı proseslər üçün də təsirsiz olmayacaq. Rəsmi İrəvan hər iki məsələni özünün xarici siyasətindəki uğuru kimi anlayır. Əslində isə həm Vaşinqton, həm də Brüsselin İrəvana təsir “rıçakları” güclənir. Bu, perspektivdə bölgədə yeni toqquşmaya səbəb olur. Mümkün hərbi gərginlik isə Ermənistan üçün mənfi nəticələr vəd edir. Üstəlik, Ermənistan “Qərbin qucağına oturması” nəticəsində gələcəkdə Ukraynanın taleyini yaşaya, Rusiyanın hərbi müdaxiləsinə məruz qala bilər.
Beləliklə, əslində zaman Ermənistanın əleyhinə işləyir. Rəsmi İrəvan bunu anlamalı və Azərbaycan şərtləri daxilində sülhə razı olmalıdır. Əks halda Ermənistan müharibə yolunu seçmiş olacaq.
Kənan Novruzov