KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistan Azərbaycanla sülh istəyirsə Fransadan uzaqlaşmalıdır

Kənan Novruzov: Ermənistan Azərbaycanla sülh istəyirsə Fransadan uzaqlaşmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
110 0

Ermənistan baş nazir aparatının rəhbəri Arayik Arutyunyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin tezliklə imzalanması üçün hər şeyi edir.
“Sənəddə erməni tərəfinin maraqları da nəzərə alınmalıdır”, – o bildirib.

A.Arutyunyan əmindir ki, sazişin imzalanması Ermənistan və bütövlükdə regionda sülh üçün daha ciddi təminatlar yaradacaq.
Rəsmi İrəvan son zamanlar mümkün sülh sazişi ilə bağlı müsbət mövqe ortaya qoyur. Bu, Bakının regionda yaratdığı yeni reallıqların nəticəsidir. Həmçinin Ermənistan beynəlxalq və regional geosiyasi vəziyyəti də nəzərə alır. Belə ki, Ermənistan mövcud hakimiyyəti artıq konkret olaraq fakt qarşısında qalıb. Ermənistanın vaxtı ilə əsas partnyoru olan Rusiya getdikcə zəifləyir. Rəsmi Moskva öz problemləri ilə məşğuldur. Üstəlik, Rusiya ilə Qərb arasında gərginlik davam edir. Eləcə də İrəvan – Moskva münasibətləri daha əvvəlki kimi deyil.
İkinci bir tərəfdən, Ermənistan Qərbmeyilli siyasət yeridir. ABŞ və Fransa ilə münasibətlərini inkişaf etdirir. Bu isə o deməkdir ki, Ermənistan Qərblə Rusiya arasında mübarizə meydanına çevrilir.
Ermənistan baş naziri Nikol Paşinyan və onun komandası yaxşı başa düşür ki, indiki məqamda nə Rusiyaya, nə də Qərbə bel bağlamaq olmaz. Xüsusilə rəsmi Vaşinqton və Parisin bəzi bölgələrdə, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə nələr etdiyi, Ukrayna və Gürcüstanı necə yarı yolda qoyduğu İrəvana yaxşı məlumdur.
Odur ki, Ermənistana yeni təhlükəsizlik təminatı lazımdır. Bu isə regional əlaqələrin inkişafından, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin düzgün qurulmasından asılıdır. Bakı və Ankara ilə münasibətlərin inkişafı nəinki təhlükəsizlik, həm də iqtisadi baxımdan İrəvana lazımdır. Çünki bu halda regional iqtisadi əlaqələr inkişaf edəcək. Bundan başqa, perspektivdə Zəngəzur dəhlizinin açılması Ermənistanın iqtisadi imkanlarını artıra bilər. İqtisadi inkişaf isə Ermənistanı kənar güclərin, o cümlədən Rusiya və Qərbin təsirindən çıxaracaq.
Başqa bir məqam isə ondan ibarətdir ki, İrəvanın ehtimal olunan aqressiv və rəvanşist siyasəti perspektivdə yeni hərbi toqquşmaya, müharibəyə səbəb ola bilər. Bu isə vaxtı ilə “Yeni ərazilər üçün yeni müharibə” prinsipi ilə çıxış edən Ermənistanın yeni əraziləri də itirməsi deməkdir. Daha doğrusu, bu halda Azərbaycan diplomatik yolla qaytarılmasını nəzərdə tutduğu Zəngəzura, Göyçəyə və digər tarixi torpaqlarını hərbi yolla azad edə bilər. Ermənistan yaxşı bilir ki, belə bir təhlükə yaranarsa, onu nə Qərb, nə də Rusiya müdafiə edəcək. Beləliklə, Paşinyan administrasiyası reallıqları anlayır.
Elə buna görə də, Ermənistan sülh üçün tələsir. Azərbaycan sülh sazişi imzalamağa hazırdır. Türkiyə də bu məsələyə müsbət yanaşır. Hazırda sülh sazişinə mane olan əsas məsələ İrəvanın kənar güclərin, xüsusilə Fransanın təsiri altında olmasıdır. Çünki Paris Bakıya qarşı əsassız ittihamlar səsləndirməyə davam etməklə yanaşı, həm də regionda sülh istəmir. Belə ki, bölgədəki ehtimal olunan sülh quruculuğu Yelisey Sarayının Cənubi Qafqazla bağlı planlarına ziddir. Nəzərə almaq lazımdır ki, Paris yalnız gərginlik vasitəsilə regional təsir imkanlarına malik ola bilər. Odur ki, Yelisey Sarayı sülh quruculuğu prosesinə əngəl olmaq üçün bütün imkanlardan istifadə edir, İrəvana təzyiq və təsir göstərir. Bu mənada ikitərəfli əlaqələrin hazırkı səviyyəsi Fransanın “əlinə oynamaq” deməkdir.
Eyni zamanda Ermənistan, həqiqətən, sülh istəyirsə, Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməlidir. Bu, İrəvana kənar güclərin təsirindən çıxmağa kömək edər.
Sülh hazırkı şəraitdə Azərbaycandan daha çox Ermənistana lazımdır. Rəsmi Bakı artıq öz maraqlarını təmin edib. İrəvanın təhlükəsizlik qayğıları isə artıb. Odur ki, Paşinyan hökumətinin hansısa şərt irəli sürməyə şansı yoxdur. “Sənəddə erməni tərəfinin maraqları da nəzərə alınmalıdır” deyən Arutunyanın konkret olaraq nələri nəzərdə tutduğunu demək çətindir. Amma böyük ehtimalla, İrəvan təhlükəsizlik təminatı istəyir. Bu, xüsusilə Zəngəzur və digər tarixi Azərbaycan torpaqları ilə bağlıdır. Lakin nəzərə almaq lazımdır ki, İrəvanın mümkün şərtləri prosesi uzada bilər. Ermənistan ən qısa vaxtda regionda sülhün təmin olunmasını istəyirsə, Azərbaycanın şərtləri ilə razılaşmalıdır. Başqa alternativ yoxdur.
Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir