Kənan Novruzov: Ərdoğan İlham Əliyevə təbrik məktubunda hansı mesajları verdi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də 28 May- Müstəqillik Günü ilə bağlı Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, əziz Qardaşım.
Can Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayramın ildönümündə Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksək səviyyəli əlaqələrimizi “Bir millət, iki dövlət” ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk. Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm”.
Bir çox dünya lideri kimi, Ərdoğan da uzun illərdir ki, Azərbaycan dövlət başçısını Müstəqillik Günü ilə bağlı təbrik edir. Yəqin ki, bu günlərdə tərəflər arasında telefon danışığı da olacaq.
Türkiyənin müstəqillik günü ilə bağlı Azərbaycanı ilk təbrik edənlərdən biri olması, əlbəttə, siyasi mesaj olmaqla yanaşı, həm də simvolik əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyə olub.
Bu dəfəki təbrik məktubunda ən diqqətçəkən məqamlardan biri Türkiyənin Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan qürur duyduğunun diqqətə çatdırılmasıdır. Bu nəticələr arasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunmuş nəticədən tutmuş, rəsmi Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə, İslomofobiyaya qarşı mübarizəyə qədər müxtəlif məqamlar var. Əlbəttə, bu uğurlar strateji müttəfiq kimi Türkiyəni sevindirir, gücünə güc qatır.
Bakı ilə Ankara həm regional, həm də beynəlxalq müstəvidə koordinasiyalı hərəkət edirlər. Bu isə tərəfləri bir – biri üçün vacib partnyora çevirir. Ərdoğanın təbrik məktubunda yazılanlar da bunu bir daha təsdiqləyir.
Kənan Novruzov
Share this content:
Yorum gönder