KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kənan Novruzov: Bir qətlin nəticəsi: İran İsrailə müharibə elan edir?

Kənan Novruzov: Bir qətlin nəticəsi: İran İsrailə müharibə elan edir?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
24 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatlarında yazılıb ki, İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər.
Qeyd olunub ki, ABŞ kəşfiyyatı da bu məlumatı təsdiqləyir: “İranın cavabı, çox güman ki, aprelin 10-na – Ramazan ayı bitənə qədər olacaq. Bu zaman kəsiyində İranın “Şhahed” pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etməsi mümkündür”.
Məlumata görə, İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, İsrailin İranın mümkün cavab tədbiri ərəfəsində bölgədəki bir neçə diplomatik obyektini boşaltdığı bildirilir.
Hesabatda, həmçinin yazılıb ki, İran ali rəhbərinin ofisinə yaxın mənbələr Tehranın İsraillə birbaşa toqquşmadan çəkindiklərini bildiriblər: “Belə qənaətə gəlmək olar ki, İran ABŞ və İsrailə qarşı birbaşa hərbi qarşıdurmadan çəkinir”.
Məlum olduğu kimi, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirib. Hadisə nəticəsində 13 nəfər ölüb. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşib.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri isə bildirib ki, İsrailin hücumu cavabsız qalmayacaq: “Bu, İsrailin intihardır”. Baş Qərargah rəisi vurğulayıb ki, proses İsrailin məhvini sürətləndirəcək: “Dəməşqə hücumun məsuliyyəti ABŞ-nin üzərinə düşür”. İran hərbçisi İsrailə qarşı əməliyyatın vaxtını, tipini və üsulunu təyin edəcəklərini söyləyib.
İlk növbədə sual yaranır ki, İran generalının diplomatik korpus binasında nə işi var idi? Səfirlik hərbçilər üçün nəzərdə tutulmuş obyekt deyil. Çox güman, bu, əvvəlcədən hazırlanmış plandır. Məsələ ondan ibarətdir ki, generalın öldürülməsi öz – özlüyündə bu qədər ciddi gərginliyə səbəb olmazdı. Amma səfirlik binasının hədəf alınması ciddi hadisədir. Çünki bu, diplomatik qaydalara ziddir.
İranla İsrail arasında münasibətlərin gərginləşməsində ən çox maraqlı olan qüvvə ABŞ – dir. Bu mənada ehtimal etmək olar ki, Vaşinqton hadisələrin gedişindən xəbərdar idi. Hətta daha konkret desək, böyük ehtimalla ssenari məhz ABŞ – da hazırlanıb.
Əslində indiyə kimi onsuz da İranla İsrail arasında müharibə gedir. Amma bu, birbaşa savaş deyil. İsrail daha çox İrana bağlı olan Hizbullahla, Husilərlə mübarizə aparır. İndi isə birbaşa hərbi toqquşmanın başlanması müzakirə olunur.
İranın yaxın günlərdə İsrail ərazisinə hərbi müdaxilə edəcəyi ağlabatan görünmür. Bu, Tehran üçün ciddi səhv olar.
İş orasındadır ki, İsrail də, ABŞ – da indi bəhanə axtarır. İran İsrailə müdaxilə edən kimi, şübhəsiz, ABŞ hərəkətə keçəcək. Əslində elə Vaşinqtonun çalışdığı da budur. Ona görə də bəzən birbaşa, bəzən də dolayısı ilə İranı qıcıqlandırır, təxribata çəkir.
Əgər İran İsrail ərazisini vurarsa, onda Yaxın Şərq ssenarisinə bənzər ssenari təkrarlanacaq. Ehtimal olunan toqquşmanın uzun çəkməsi perspektivdə İranın Rusiyaya dəstəyinin azaldılması və ya tamamilə dayandırılması deməkdir. Bu isə Şərqi Avropadakı vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər.
Əlbəttə, bunları Tehran da başa düşür. Ona görə də yəqin ki, mümkün qədər təmkinli, soyuqqanlı davranmağa çalışacaq.
Buna baxmayaq, İran daxili auditoriyanı da nəzərə almalıdır. Bu mənada, yəqin ki, rəsmilərin qisasla bağlı çağırışları, bəyanatları davam edəcək. ABŞ – nin isə gələcəkdə İranın “damarına daha çox basması mümkündür”. Və bunun üçün yenə də İsraildən istifadə olunacaq.
Beləliklə, yəni münaqişə ocağı hazırlanır. Kiçik bir qığılcım böyük alovlanmaya səbəb ola bilər. Və böyük ehtimalla uduzan İran olacaq. Həm də ona görə ki, İran xalqı da çox həssasdır. Əhali hakimiyyətə qarşı ayağa qalxmaq üçün bəhanə axtarır.

Cənubi Qafqazı “qan gölünə” çevirmək istəyənlər var: “Boğulan” Ermənistan olacaq
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Ermənistan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır.
Qeyd olunub ki, rusiyalı analitiklər də bu mövzuda bənzər iddialarla çıxış edirlər: “Onlar həmçinin Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdığına görə tənqid ediblər. Analitiklər bunun əsas günahkarı kimi baş nazir Nikol Paşinyanı göstərirlər”.
Öncə onu deyək ki, amerikalı analitiklərin belə qənaətə gəlməsi özü diqqətçəkən haldır. Çünki Vaşinqton adətən Ermənistanla Azərbaycan arasında baş verən proseslərə birincinin maraqları kontekstindən yanaşır.
Baş verən proseslər onu deməyə əsas verir ki, doğrudan da, Ermənistan regionda yenidən “suları bulandırmağa” çalışır. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın şərti sərhədə qoşun yığması ilə bağlı son zamanlar müntəzəm məlumat yayır. Həmçinin son günlər müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Bundan başqa, rəsmi İrəvan işğal altındakı səkkiz kəndin taleyi məsələsini gündəmdən çıxarmağa çalışır.
Əslində Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının ali nümayəndəsi Josep Borrelin iştirakı ilə aprelin 5- də Brüsseldə keçirilmiş görüş ərəfəsində vəziyyətin gərginləşəcəyi gözlənilən idi.
Çünki ABŞ və Aİ Ermənistana təhlükəsizlik zəmanəti və maliyyə vəsaiti ilə təmin edərək öz direktivlərini verirlər. Bu direktivlərin əsas məqsədi Rusiyanın bölgədəki rolunun getdikcə azaldılmasına və Cənubi Qafqazda gərginliyik ocağının qorunmasına hesablanıb. Qərb beləliklə, özünün regionundakı təsir imkanlarını artırmaq niyyətindədir.
Brüssel görüşünün Ermənistan üçün uğurlu olduğunu, Qərbin İrəvəna maliyyə yardımı ayırdığını nəzərə alsaq deyə bilərik ki, bu, bölgədəki siyasi və hərbi vəziyyətə də təsir edəcək. Çox güman, İrəvan yaxın günlərdə yenidən sülh gündəliyindən yayınmağa çalışacaq, hərbi təxribatlara əl atacaq. Bu isə Azərbaycan ordusunun adekvat cavab tədbirləri ilə nəticələnə bilər.
Kənan Novruzov, “Report” Aİ-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir