KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Bakıdan Paris və İrəvana xəbərdarlı

Kənan Novruzov: Bakıdan Paris və İrəvana xəbərdarlı

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
158 0

Bakıdan Paris və İrəvana xəbərdarlıq: Yeni müharibə başlayarsa…
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyunun 19-da jurnalistlərə açıqlamasında deyib ki, Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik. Onun sözlərinə görə, bu siyasət zərərli siaysətdir: “Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, dekabrın 7-də iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində atılan ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa da BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir”.
H.Hacıyev bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir: “Bu, Ermənistanın real praktikasına və siyasətinə əsaslanan bir təcrübədir. Azərbaycan xalqı və dövləti də bundan əziyyət çəkib. Ona görə də işğalcı-təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz”.
Bundan əvvəl, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi də Fransanın Ermənistanı silahlandırması ilə bağlı xəbərdarlıq yaymışdı. Məlumatda bildirilmişdi ki, Fransanın Ermənistanı silahlandırması yeni müharibəyə aparan yoldur və ehtimal olunan yeni savaşa görə Ermənistan hakimiyyəti ilə Emmanuel Makron rejimi məsuliyyət daşıyır.
Ermənistanın müdafiə naziri Suren Papikyan bir neçə gün əvvəl Fransaya səfər etmişdi. O, fransız həmkarı Sebastyan Lekornu ilə görüşmüşdü. Səfər çərçivəsində Fransa və Ermənistan arasında birincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalandı.
Cənubi Qafqazda “suların durulduğu”, Ermənistanla Azərbaycan arasında birbaşa təmasların başladığı vaxtda rəsmi Parisin yenidən İrəvanı silahlandırmağa başlaması diqqət çəkir. Aydın məsələdir ki, məqsəd ehtimal olunan sülh sazişinin qarşısının alınması və Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasına mane olmaqdır.
Diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, erməni nazirin Fransaya səfəri ərəfəsində Naxçıvan istiqamətində atəşkəs bir neçə gün ard-arda pozuldu. Halbuki uzun müddətdir İrəvan heç bir hərbi təxribata əl atmırdı. Sözügedən provokasiyaların Parisin təsiri ilə törədilməsi, əlbəttə, sadəcə ehtimaldır. Amma istisna da deyil.
Hazırkı şəraitdə Yelisey Sarayı təkcə Paşinyan administrasiyasının “başının altına yastıq qoymur”, həm də onu öz təsiri altına daha çox salır. Məhz belə dəstəklər nəticəsində Parisin İrəvana təsir imkanları artır. Beləliklə, Fransa regionda dayanıqlı sülhə mane olmaq üçün Ermənistandan istifadə edir.
Ermənistanın silahlandırılması regionda sülh idealına mane olmaqla yanaşı, həm də yeni müharibəyə zəmin yaradır. Yada salmaq lazımdır ki, İrəvan daha əvvəl də kənar güclərin, o cümlədən Parisin təsiri ilə aqressiv ritorika ortaya qoyub və buna görə “başı ağrıyıb”. Ermənistan tarixi təcrübədən dərs çıxarmalıdır. Əks halda bu dəfə daha çətin olacaq.

Paris İrəvanı silahlandırır: Yeni müharibə başlaya bilər
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 20-də Fransaya işgüzar səfəri çərçivəsində ölkə prezidentinin xarici işlər üzrə müşaviri Emmanuel Bonnla görüşüb.
Görüş zamanı regiondakı vəziyyət müzakirə olunub.
Görüşdə Ermənistan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı prosesi, həmçinin ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Son zamanlar rəsmi İrəvanla Paris arasında əlaqələr yenidən güclənib. Fransa Ermənistanı sürətlə silahlandırır. Rəsmi Bakının mövqeyinə görə, bu, qəbuledilməzdir. Elə Rusiya da Fransanın Ermənistanı silahlandırmasını qınayır.
Bu, heç də təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, Fransanın hazırkı hakimiyyəti heç bir bölgəyə xeyir gətirməyib. Yelisey Sarayı sadəcə olaraq işğalçılıq siyasəti yeridir. Makron hakimiyyəti müxtəlif regionlarda özünün təsir imkanını artırmaq üçün bütün imkanlardan istifadə edir.
Fransanın Cənubi Qafqazla bağlı niyyətində əsas xətt Ermənistana təzyiqdir. Məlum olduğu kimi, İrəvan regionun ən zəif bəndidir. Deməli, Azərbaycandan fərqli olaraq Ermənistana təzyiq mümkündür. Fransa da bunu bilir. Odur ki, Ermənistanı əvvəlcə silahlandıraraq şirnikləndirir, sonra da təzyiq imkanı əldə edir. Perspektivdə əgər İrəvan Parisin təsirindan çıxmağa cəhd etsə, Makron hakimiyyəti baş nazir Nikol Paşinyanı dəstəyi dayandırmaqla təhdid edə bilər. Bu, təxminən ABŞ-nin Ukrayna siyasətini xatırladır.
Fransa ilə Ermənistan arasında son zamanlar əlaqələrin güclənməsini təsadüfi hesab etmirəm. Çox güman, Yelisey Sarayı Bakı ilə İrəvan arasında son zamnalar müşahidə olunan normallaşmadan, o cümlədən ikitərəfli əlaqələrdən narahatdır. Ona görə də bütün imkanları ilə bu prosesə mane olmağa çalışır. Bu isə məhz Ermənistana təzyiq vasitəsilə mümkündür.
Əlbəttə, hər bir ölkə kimi Ermənistanın da silah almaq hüququ var. Amma sual yaranır: Birincisi, niyə Ermənistanın silah aldığı ölkələr arasında Fransa həmişə birinci olur? İkinci, bu proses niyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdığı dövrə təsadüf edir?
İkinci bir tərəfdən, tarixi təcrübə, o cümlədən son illərdə olanlar onu deməyə əsas verir ki, Yelisey Sarayı həmişə Cənubi Qafqazla bağlı qərəzli mövqe ortaya qoyub. Bu baxımdan Parislə İrəvan arasındakı əlaqələrin, o cümlədən silah tədarükünün sadəcə müdafiə xarakterli olduğuna kimsə zəmanət verə və kimsə rəsmi Bakını buna inandıra bilməz.
Parislə İrəvan arasındakı əlaqələrin hazırkı tempi və baş verənlər perspektivdə sülh gündəliyinə xələl gətirməklə yanaşı, həm də növbəti müharibəyə, yaxud hərbi gərginliyə səbəb ola bilər.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İa-nın əməkdaşı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir