Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən TRT- yə müsahibə verib. Müsahibə zamanı Ermənistanla normallaşma əlaqələri barədə danışan diplomat mühüm məqamlara toxunub. O, bildirib ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpasını dəstəkləyir: “Onsuz da Azərbaycanla koordinasiyalı şəkildə addım atırıq. Ermənistanla münasibətdə birbaşa danışıqlar aparmağın tərəfdarıyıq. Cənubi Qafqazdakı problem Qarabağın işğaldan azad olunması ilə bitdi. Azərbaycanla “bir millət – iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, dəstəkləməyə davam edəcəyik”.
Nazirin sözlərinə görə, iki ölkə müxtəlif məqamlarda daim bir- birinə dəstək olub. “Şuşa Bəyannaməsi” də bunun təzahürüdür.
Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti ilə yaxın vaxtlarda Bakıya gələcəyini deyib. İndiki həssas məqamda, şübhəsiz ki, belə intensiv təmaslara ehtiyac var. Nazirlərin görüşündə əsas müzakirə mövzusu, əlbəttə, Ermənistanla əlaqələr olacaq. Son vaxtlar müxtəlif erməni rəsmilər, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan müsbət mesajlar verir, sərhədlərin delimitasiya və demarkasiyasına hazır olduğunu deyirlər. İrəvanın səmimiliyinə inanmaq olar. Çünki başqa variantları yoxdur.
Paşinyan administrasiyasına mane olan Kremlin təzyiqləri, xofudur. Həmçinin nəzərə almaq lazımdır ki, bir neçə aydır ATƏT- in Minsk Qrupunun “reanimasayan çıxarılması” ilə bağlı cəhdlər olur. Doğrudur, bu, Rusiya üçün o qədər də arzuolunan deyil. Lakin artıq Moskva özü də başa düşür ki, prosesləri təkbaşına “tormuzlada” bilmir. Odur ki, Bakı və Ankaranın iki əsas vəzifəsi var: Rusiyanın proseslərə təsir imkanını minimuma endirmək və Minsk Qrupunun fəallaşmasına imkan verməmək. Belə olsa, Paşinyan administrasiyası daha qətiyyətli davranar və hətta yaxın gələcəkdə kommunikasiyaların açılması istiqamətində əməli addımlara start vərilə bilər.
Sözsüz, bu məsələdə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü də xüsusi əhəmiyyətə malik olacaq.
Bu səfərlərdən hansının daha əvvəl olacağını demək çətindir. Amma istənilən halda müzakirələrdən birinin nəticəsi digərinin əsas predmeti olacaq.
İki qardaş dövlət yuxarıdakı dediyimiz məqsədlərə çata bilsə, yəni Minsk Qrupun “oyundankənar vəziyyətdə” saxlayıb, Moskvanın təsir imkanlarını məhdudlaşdırsa, əvvələr də dediyimiz kimi, normallaşma əlaqələri daha sürətlə davam edəcək.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti