Şimdi yükleniyor

Kənan Novruzov: Azərbaycanla NATO-nun münasibətləri yeni mərhələ

XİN rəsmisi açıqlandı: Azərbaycanla NATO-nun münasibətləri yeni mərhələyə qədəm qoyur
Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəis müavini-şöbə müdiri Anar Mütəllimov enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan-NATO” tədbirində deyib ki, Azərbaycan NATO ilə müntəzəm siyasi dialoq aparır və regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə vermək üçün alyansla geniş spektrli məsələlərlə bağlı siyasi əməkdaşlığı inkişaf etdirir.
Məlumdur ki, NATO bu gün dünyanın əsas təhlükəsizlik strukturlarındandır. Dünyada baş verən geosiyasi proseslərdə Alyans və üzv ölkələr mühüm rol oynayır.
Azərbaycanın NATO-nun bir çox üzvləri ilə kifayət qədər yaxşı münasibətləri var. Alyansın əsas üzvlərindən biri olan rəsmi Ankara Bakının strateji müttəfiqidir.
Ümumiyyətlə, Alyansla Azərbaycan arasında əlaqələr kifayət qədər dərindir. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olub və1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalayıb. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv olub və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşulub. Həmin il NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edilib.
Bundan əlavə, Azərbaycan bir neçə dəfə NATO-nun sülhməramlı missiyalarında iştirak edib.
Doğrudur ki, rəsmi Bakının NATO-nun əsas oyunçularından hesab olunan Vaşinqton və Parislə münasibətləri o qədər də yaxşı deyil və getdikcə pisləşir. Bunun səbəbi isə adı çəkilən aktorların Azərbaycana qarşı qərəzli mövqeyidir. Bundan başqa, rəsmi Bakının Alyansın əsas rəqiblərindən olan Moskva və Tehranla kifayət qədər yaxşı münasibətləri var. Amma bunlar heç bir halda NATO- Azərbaycan münasibətlərinə təsir edə bilməz və etmir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu Türkiyə modelinə keçir. Türkiyə Silahlı Qüvvələri isə NATO standartlarına uyğundur. Deməli, perspektivdə Alyansla Azərbaycan arasında xüsusilə hərbi sahədə əməkdaşlığın güclənməsi gözləniləndir.
Azərbaycanla NATO arasındakı münasibətlər, yəqin ki, inkişaf edən templə davam edəcək. Hərçənd rəsmi Bakı bütün hallarda soyuqqanlı davranmağa və balanslı siyasətə üstünlük verəcək.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

Share this content:

Yorum gönder