Professor, siyasi analitik Sabir Məmmədli “Report”a açıqlamasında deyib ki, Ermənistanın davam edən hərbi təxribatlarına cavab olaraq Azərbaycanın müəyyənx tədbirlər görməsi mümkündür. Onun sözlərinə görə, hazırda Zəngəzur dəhlizi ilə bağlı ciddi müzakirələr gedir: “Region ölkələri bu barədə intensiv fikir mübadiləsi aparırlar. Rusiya tədricən İranı razı salır. Həmçinin Türkiyə də dəhlizin açılacağı ilə bağlı əminliklə danışır. Bu, o deməkdir ki, dəhlizin açılmasını Ermənistandan başqa bütün bölgə dövlətləri istəyir. Əgər Ermənistan buna razı olmasa və hərbi təxribatlarını davam etdirsə, COP29-dan sonra Azərbaycanın cəza tədbirləri olaraq müəyyən addımlar atması, o cümlədən Zəngəzur dəhlizini açması mümkündür”.
Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılması hazırda rəsmi Bakının əsas prioritetlərindən biridir. Bu istiqamətdə lazımi diplomatik işlər görülür.
İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Rəsmi Tehran bunu özünün “qırmızı xətti” kimi görür. Rusiya və Türkiyə isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ola bilsin ki, iki qonşu ölkənin, xüsusilə Moskvanın mövqeyi gələcəkdə Tehranın bu məsələ ilə bağlı loyal mövqe ortaya qoyması ilə nəticələnsin. Yəni gələcəkdə İranın Zəngəzur dəhlizi ilə bağlı yanaşması dəyişilə bilər. Bu isə öz növbəsində Ermənistanın da mövqeyinə təsir edə bilər.
İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbi bu ola bilər: kommunikasiya xətlərinin öz ərazisində keçməsini istəməsi. Xüsusilə nəzərə almaq lazımdır ki, son zamanlar bu, Zəngəzur dəhlizina alternativ variant kimi gündəmdədir.
Professorun səsləndirdiyi fikirlərə gəldikdə isə bildirməliyik ki, indiyədək Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq beynəlxalq hüquqla öz ərazisi kimi tanınan ərazilərdə, o cümlədən Qarabağda anti-terror əməliyyatı keçirib. İndi isə Qarabağ artıq azaddır. Elə isə bu dəfə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə necə cavab verəcək?
Bu təxribatlar sonsuzadək davam edə bilməz. Azərbaycan qarşı tərəfin provokasiyalarına sonsuzadək təmkinli yanaşmayacaq. Odur ki, Ermənistan ən qısa vaxtda sabotajlarını dayandırmalıdır. Əks halda Azərbaycan adekvat cavab tədbirləri görməli olacaq.
Perspektivdə Zəngəzur dəhlizinin açılması regionda iqtisadi əlaqələrin inkişafına ciddi töhfə verəcək. Odur ki, Ankara və Moskva ilə yanaşı, rəsmi Bakı da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu, əslində ən çox Ermənistanın xeyrinədir. Amma İrəvan kənar güclərin təhriki və təsiri ilə özünü regional əməkdaşlıq mühitindən təcrid edir. Beləliklə, faktiki olaraq “oyundankənar” vəziyyətdə qalır.
Əvvəl də dediyimiz kimi Zəngəzur dəhlizi gec- tez açılacaq. Bu, sadəcə zaman məsələsidir. İş burasındadır ki, Zəngəzur dəhlizi nəinki regional, qlobal əhəmiyyətli layihədir.
Yəqin ki, Azərbaycan COP29 başa çatana qədər diplomatik təmasları davam etdirəcək. Amma bu fayda verməyəcəyi təqdirdə “B” variantının tətbiqi, Azərbaycanın güc yolu ilə dəhlizi açması qaçılmaz ola bilər.
Ü
Ermənistanın hərbi təxribatları nəyə hesablanıb?: Genişmiqyaslı müharibə…
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.
Əvvəl də dediyimiz kimi, Ermənistan son zamanlar hərbi təxribatlarını yenidən intensivləşdirib. Təxminən bir aydır ki, demək olar, hər gün Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Halbuki bir xeyli müddət provokasiyalar törədilmədi.
Sual yaranır: Ermənistan niyə məhz indi yenidən silaha əl atır? Bu təsadüfdürmü? Fikrimizcə, yox.
Məsələ ondan ibarətdir ki, son zamanlar tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyiş əldə olunur. Bunun əsas səbəbi ikitərəfli təmasların intensivləşməsidir. Görünür, ikitərəfli təmaslar daha effektiv platformadır, nəinki üçüncü tərəflərin vasitəçiliyi.
Həm rəsmi Bakıdan, həm də İrəvandan verilən açıqlamalar onu deməyə əsas verir ki, sülh istiqamətində, doğrudan da, ciddi irəliləyiş əldə olunub. Bu, daha çox ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın siyasi iradəsi və diplomatik məharəti nəticəsində mümkün olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb. Bu, öz – özlüyündə müsbət hal olsa da, əslində hələ heç nə demək deyil. Hətta sülh sazişi mətni ilə bağlı 99 faiz razılıq əldə olunsa da, əgər 1 faizlik mübahisəli məsələ varsa, deməli, hələ daimi sabitlikdən söhbət gedə bilməz. Həmçinin mətnin 100 faiz razılaşdırılması da hələ o demək deyil ki, sülh sazişi imzalanır. Çünki sülh sazişinin imzalanmasına mane olan konkret məqamlar var.
Bunlardan ən başlıcası Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Rəsmi Bakının tələblərinə uyğun olaraq rəsmi İrəvan müvafiq konstitusiya dəyişikliyinə getmədikcə sülh sazişi imzalanmayacaq. Və görünən odur ki, Ermənistan hakimiyyəti hələ ki, bu barədə düşünmür.
Üstəgəl, Ermənistan hərbi sabotajlardan əl çəkmir. Düşünmək olar ki, Azərbaycan mövqelərinin atəşə tutulması Ermənistan hakimiyyətinin deyil, ona dəstək verən havadarlarının iradəsi ilə bağlıdır. Belə ki, Qərb, xüsusilə ABŞ və Fransa bölgədə sülh istəmir. Çünki mümkün sülh onların regiona müdaxiləsinin qarşısının alınması deməkdir.
Elə bununla bağlıdır ki, Qərb dövlətləri bütün imkanları ilə regionda “suları bulandırmağa” çalışırlar. Bunun üçün isə regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər. Düstur sadədir: Ermənistan əvvəlcə silahlandırılır, sonra isə provokativ addımlara təhrik edilir.
Son zamanlar intensivləşən hərbi təxribatların məqsədi, yəqin ki, mümkün proqressin qarşısını almaqdır.
Fikrimizcə, Ermənistan hərbi- siyasi hakimiyyəti sülhün alternativinin olmadığını və bunun ən çox onun özünə lazım olduğunu anlayır. Amma xeyli dərəcədə üçüncü güclərin təsirində olduğuna görə lazımi siyasi iradə ortaya qoya bilmir, Qərbin oyunlarının qurbanına çevrilir.
Ehtimal etmək olar ki, Azərbaycanın ev sahibliyi etmək ərəfəsində olduğu COP29 ərəfəsində təkrarlanan hərbi təxribatların məqsədi Azərbaycanı adekvat cavaba təhrik etmək, bölgədə süni gərginlik yaratmaq və sözügedən tədbirdə iştirakçı fəallığına təsir etməkdir.
İkinci bir tərəfdən, Ermənistanın COP29- da iştirakı gözlənilir. Çox güman, Qərb Ermənistanın öz əli ilə süni gərginlik yaratmaqla buna mane olmaq, həmçinin tərəflər arasında daha çox etimadın yaranmasının qarşısını almaq istəyir.
Başqa bir məsələ davam edən təxribatlara Azərbaycanın mümkün cavabı ilə bağlıdır. İndiyə kimi Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirirdi. Və Qarabağ beynəlxalq hüquqla Azərbaycan ərazisidir.
Sual yaranır: bəs indi Azərbaycan ordusu adekvat cavab tədbiri görmək məqsədilə nə edəcək? Əslində Zəngəzur dəhlizinin perspektivdə hərbi yolla açılması, Göyçə gölünün ətrafının nəzarətə götürülməsi mümkündür. Həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bu, Ermənistana dərs olar. Amma asan olmayacaq. Azərbaycan onsuz da bəhanə axtaran Qərb tərəfindən ciddi beynəlxalq təzyiqlə qarşılaşacaq.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı